
«Quba»da maraqlı hadisələr yaşanmaqdadır.
II Liqada mübarizə aparan klub bir neçə gün öncə baş məşqçi postundan göndərdiyi Elvin Həsənovla yenidən danışıqlara start verib.
Gəlin, öncə şimal təmsilçisinin vida açıqlamasına diqqət ayıraq:
«Böyük minnətdarlıq hissi ilə baş məşqçimiz Elvin Həsənovla yollarımızı ayırırıq. Elvin müəllim klubumuzun ən çətin və həlledici dövrlərində ön cəbhədə dayandı.
Komandamıza inam, sistem və xarakter gətirdi. Onun rəhbərliyi ilə formalaşan kollektiv ruhu, meydandakı mübarizə əzmi və qələbə iradəsi bu gün də bizə yol göstərir.
Futbol yalnız nəticə deyil, eyni zamanda, iz qoymaqdır. Elvin Həsənov bu klubun tarixində dərin iz qoydu.
Hər şey üçün təşəkkürlər, Elvin müəllim. Yolunuz açıq, uğurlarınız bol olsun!».
İndi isə klubun prezidenti Ayaz Abdullayevin saytımıza verdlyi açıqlamaya diqqət yetirin:
«Elvin Həsənovla başa çatan müqavilə yenilənmədi. Növbəti sezonlə bağlı planları onunla qarşılıqlı müzakirə edirik.
Yeni müqavilənin şərtləri hər tərəf üçün uyğun olduğu təqdirdə, baş məşqçimiz Elvin Həsənov olacaq. Arada fikir ayrılığımız var idi.
Razılaşıb davam edəcəyik. Yəqin ki, bu məsələ yaxın günlərdə öz həllini tapacaq».
SPORTİNFO.AZ