
İyulun 15-də Premyer Liqanın püşkü atıldı və avqustun 15-dən etibarən 12 komandanın mübarizə aparacağı rəsmən təsdiqini tapdı.
I Liqa ilə bağlı da suallar görünmür. Peşəkar Futbol Liqası bu çempionatın 10 komanda ilə keçiriləcəyi və 3 dövrədən ibarət olacağını öncədən açıqlayıb.
II Liqa ilə bağlı bəzi problemlər isə hələ də qalmaqdadır.
Bunlardan biri ötən iki mövsümdə yarışmış “Qusar”la əlaqədardır.
Xəbər verdiyimiz kimi, ötən mövsüm bir neçə oyunda təşkilati baxımdan qayda pozuntularına yol verən, hətta bir matçda texniki məğlubiyyət alan
“Qusar”dan kimsə iştirakla bağlı PFL-in müraciətlərinə, məktublarına cavab vermir. Bu isə tezliklə bu klubun II Liqadan uzaqlaşdırılması ilə nəticələnəcək.
Belədə AFFA İcraiyyə Komitəsi region liqasının son mövsümündəki nəticələrə əsasən lisenziyalaşdırma tələblərinə cavab verən ilk klubu II Liqaya dəvət edəcək.
İki günlük gözləntidən sonra nəhayət, “Qusar“dan cavab ala bildik.
Şimal təmsilçisindən redaksiyamıza verilən rəsmi açıqlamada qeyd olundu ki, yaranmış qeyri-müəyyənlik klub rəhbərliyində gözlənilən dəyişiklərlə bağlıdır.
Belə ki, yönətimə yeni şəxslərin cəlb olunması gündəmdədir:
“Biz çempionatda iştirakımızı davam etdirəcəyik. Gecikmə müvəqqəti haldır.
Müvafiq sənədlər tərəfimizdən Peşəkar Futbol Liqasına təqdim olunacaq. Heç bir problem çıxmayacaq“.
SPORTİNFO.AZ