
“Quba” rəhbərliyi Elvin İsmayılovun baş məşqçi postundan uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Klubun prezidenti Ayaz Abdullayev Sportinfo.az-a açıqlamasında bu informasiyaları təkzib edib.
O, 2025-ci ilin əvvəlindən komandanı çalışdıran gənc mütəxəssisin iş yerində qalacağını söyləyib.
Şimal təmsilçisinin birinci şəxsi onun fəaliyyətindən narazı olmadıqlarını, gələn mövsümdə də bərabər hərəkət edəcəklərini vurğulayıb.
A.Abdullayev diqqətə çatdırıb ki, «Quba» növbəti sezonda I Liqaya vəsiqə uğrunda mübarizə aparacaq.
Prezident bu məqsədə çatmaq üçün kollektiv daxilində islahatlar aparmağa başladıqlarını bildirib.
Keçən «futbol ili»ndə «Hypers Quba» adı altında çempionatda dördüncü yeri tutan klub pley-off mərhələsinə vəsiqə qazanıb. Burada isə onlar «Difai»yə 1:3 hesabıyla uduzaraq, I Liqaya qatılmaq şansını qaçırıblar.