
II Liqada mübarizə aparan bəzi klublar növbəti mövsümün iştirakçıları sırasında yer almya bilər.
Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, son iki ilin yarışmaçılarından bir neçəsi maliyyə çətinliyi ilə üzləşib. Və federasiya hazırda onlarla danışıqlar aparır.
Əgər həmin komandaların rəhbərləri yeni mövsümü yarımçıq başa vurmayacaqlarına dair zəmanət verməsələr, AFFA onları çempionatdan xaric eləyəcək.
Çünki qurumun maliyyə problemləri ilə üzləşənlərə ayrıca yardım paketi ayırmaq niyyəti yoxdur.
Yeri gəlmişkən, II Liqanın yarışmaçılarının bir qrupu AFFA-ya şifahi müraciət ünvanlayıb. Bu barədə həmin klublardan birinin rəhbəri redaksiyamıza məlumat verib.
Onun bildirdiyinə görə, növbəti mövsüm öncəsi problemlər bir-birinin üstünə qalanıb. Belə ki, ən azı 5 komandanın gələn çempionatda iştirakı sual altına düşüb.
Çünki bu iştirakçıların hamısı maliyyə çatışmazlığından əziyyət çəkir. Odur ki, liqanın nümayəndələri öz aralarında sözü bir yerə qoyaraq, turnirdən geri çəkilmək barədə federasiyaya xəbərdarlıq edib.
İstəkləri AFFA tərəfindən ayrılan illik yardım paketinin həcminin artırılmasıdır.
Müsahibin dediyinə görə, 50 min manatlıq dotasiya ilə sezonu başa vurmaq qeyri-mümkündür, bu məbləğ ən azı iki dəfə artırılmalıdır.
SPORTİNFO.AZ