
II Liqada yarışan «Şəfa»nın bundan sonra haranı təmsil edəcəyinə böyük ölçüdə aydınlıq gəlib.
Bakıda fəaliyyət göstərən iddialı klub bölgəyə köçməyə hazırlıq görür.
I Liqaya vəsiqə qazanan komanda gələn «futbol ili»ndən Qubada məskunlaşacaq.
Hər halda «Şəfa» rəsmilərinin bugünə olan fikri budur. Plan son anda dəyişməsə, paytaxtdan köç iyundan etibarən başlayacaq.
Funksionerlər oturduqları yerdə yerdəyişmə etmək niyyətinə düşməyib. Bunun üçün çox ciddi səbəbləri var.
Belə ki, 18 ildən sonra futbol səhnəsinə dönmüş klub Bakıda özünə infrastruktur qura bilmir. Baza və stadiona sahiblənmək istəsələr də, hələlik heç bir nəticə əldə etməyiblər.
«ASK Arena»dan isə sadəcə, icarədar olaraq yararlanırlar. Buranı onlara verən yoxdur.
Bu yöndə bütün variantları yoxlasalar da, daş qayaya rast gəlib, ümidləri puç olub.
Bəllidir ki, «Hypers» də Qubada məskunlaşıb. Amma bu, «Şəfa»nın sözügedən şimal rayonuna köç etməsinə əngəl yaratmamalıdır.
Çünki onların maliyyə imkanları «Hypers»lə müqayisədə daha böyükdür. Əllərində hazır proje var.
SPORTİNFO.AZ