
Bu gün II Liqada 25-ci turun oyunları keçiriləcək.
7 matçın hamısı eyni gündə oynanılacaq və saat 17:00-da başlayacaq.
Heç şübhəsiz, turun mərkəzi qarşılaşması Qubada təşkil olunacaq. Yerli «Hypers» burada «Şimal»ı qəbul edəcək.
24 turdan sonra üç komanda I Liqaya birbaşa vəsiqə qazanıb. Bunlar «Şahdağ», «Şəfa» və «Şimal»dır.
Çempionatda dördüncü yer tutacaq iştirakçı pley-off mərhələsinə yüksələcək. Burada onlar I Liqada 9-cu olmuş kollektivlə üz-üzə gələcəklər.
«Hypers» hazırda 45 xalla 4-cü sıradadır. Onlardan 1 xal az toplamış «Şəmkir» beşinci pillədədir.
Qubada keçiriləcək şimal derbisindən öncə AFFA-ya bir sıra məlumatlar daxil olub. Federasiya aldığı siqnalları yoxlamaq məqsədilə «Hypers» - «Şimal» matçını nəzarətə götürüb.
I Liqaya yüksəlmiş Xaçmaz təmsilçisinin oyuna barmaqarası yanaşması, zədəli olmayan bəzi aparıcı futbolçularına istirahət verəcəyi yönündə bilgilər qurum tərəfindən araşdırılır.
SPORTİNFO.AZ