Mesut Özilin Şəkiyə səfəri zamanı stadiona baş çəkməsi yerli futbolsevərlərin sevincinə səbəb oldu.
Dünya futbol ulduzu “Sheki City” – “Şəmkir” qarşılaşmasının ikinci hissəsində topa toxunmaqla yanaşı, ikinci 45 dəqiqəni canlı izləməliydi.
Yəni, plan bu şəkildə nəzərdə tutulmuşdu.
Lakin Məsut buna gərək duymadı. 10-15 dəqiqəlik görüşdən dərhal sonra ətrafındakılarla birlikdə stadionu tərk etdi.
“Sheki City”nin prezidenti Elgün Hüseynov Sportinfo.az-a açıqlamasında məsələ barədə bunları deyib:
“Bəli, plan beləydi ki, Məsut Özil fasilədə gəlib ikinci hissənin əvvəlində topa toxunacaq, bir az oyuna baxıb, gedəcək.
Hətta bunun üçün qonaqlara yer də ayırmışdıq. Stadionun şəraiti yüksək olmasa da, əlimizdəki imkanlar daxilində yer düzəltmişdik.
Lakin oyuna baxmadı. Meydana axışan azarkeşlərin qarşısını almaq olmurdu deyə, Məsutun yanındakı insanlar narahat oldular. Ona görə də tribunaya qalxmadılar, birbaşa stadiondan çıxdılar”.
Bazar günü Şəkidə baş tutan qarşılaşmada “Şəmkir” yerli komandanı məğlub edərək ölkə kubokunda növbəti mərhələyə yüksəlib.
HƏBİB