"Millinin elə futbolçuları var ki, sənədlərində xəstə olduqları yazılıb - Bu, ayıb deyil?"

5 İyun 11:00 II Divizion 1 566
"Millinin elə futbolçuları var ki, sənədlərində xəstə olduqları yazılıb - Bu, ayıb deyil?"

«Bu problemin qısa müddətdə həlli vacibdir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

II Liqada ikinci mövsümü arxada qoyan «polislər» AFFA-ya müraciət edib.

Sezonu 39 xalla turnir cədvəlinin 6-cı pilləsində başa vuran «polislər» federasiyanın baş katibliyinə məktub ünvanlayaraq, I Liqada iştirak etmək niyyətində olduqlarını bildirib.

İki il öncə futbol səhnəsinə qayıtmış klub müstəsna hal kimi bu çempionata buraxılmalarını istəyib. «Dinamo» məsələnin AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılmasını təklif eləyib.

Məktubun məğzində həqiqi hərbi xidməti yaxınlaşan gəncləri «Dinamo»ya toplamaqla, onların karyeralarının xilası dayanır.

Daxili İşlər Nazirliyinin təmsilçisi bu yolla yeni nəsilin nümayəndələrinin futboldan uzaq düşmək probleminin həllinə nail olmaq niyyətindədir.

Y.Seyidovu dinləyək:

«Gələn mövsümdən Premyer Liqada legioner limiti aradan qaldırılacaq. Bu qərardan sonra yerli gənclərin oynamaq şansı bir qədər də azalacaq.

Üstəlik, Əvəzedicilər Liqasının ləğvi gözlənilir. Belə olan halda, nə qədər cavan futbolçu kənarda qala bilər.

Biz istəyirik ki, U-19 və U-21 yığmalarının üzvlərini bir araya gətirək. «Dinamo» onlar üçün ən münasib yer olar. Həmin uşaqlar gedib II Liqada oynayan deyillər.

Oynasalar belə, orada artıran deyillər. Açıq demək lazımdır ki, İkinci Liqanın səviyyəsi Premyer Liqa və Birinci Liqa ilə müqayisədə çox aşağıdır.

«Dinamo» Birinci Liqada çıxış etsə, bu uşaqları qoruyub saxlamaq, yenidən Premyer Liqaya hazırlamaq mümkündür.

Əsas millinin elə futbolçuları var ki, sənədlərində xəstə olduqları yazılıb. Bu, ayıb deyilmi?

Hamı bilir ki, bu sənədləri vaxtilə necə alıblar. Klubumuz onların da probleminin həllinə yardımçı olmağa hazırdır.

AFFA-dan istəyimiz budur ki, bu işdə fəallıq göstərsin. Onsuz da, bütün klublar bundan şikayət edir.

Gənc oyunçularının əsgərliyə getməsi hamıda narahatlıq yaradır. Daxili İşlər Nazirliyi problemin aradan qalxması yönündə üzərinə düşəcək bütün məsələləri icra etməyə hazırdır.

Gərək AFFA və klublar da buna təşəbbüs göstərsin. «Dinamo»nun belə bir ənənəsi var.

Vaxtilə üzdə olan əksər futbolçularun əsgərlik yolu «Dinamo»dan keçib. İndi də biz bunu edə bilərik. Problemi gizlətməklə nəyəsə nail olmaq mümkün deyil.

Mən ümidliyəm ki, AFFA-nın yeni rəhbərliyi mövcud vəziyyəti düzgün qiymətləndirəcək».

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu