Veteranları susdur, işin yaxşı getsin – AFFA ilə Abdullayev arasında anlaşma

4 Yanvar 2022 11:40 I Divizion 1 434
Veteranları susdur, işin yaxşı getsin – AFFA ilə Abdullayev arasında anlaşma

«Turan Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayev AFFA rəhbərliyi qarşısında yeni öhdəlik götürüb.

5 ildən artıqdır I Divizion klubunun idarəçiliyini öz əlində cəmləşdirən Abdullayev buna əsasən futbol veteranlarının mediada federasiya əleyhinə çıxışlar etməsinin qarşısının alınmasında fəal iştirak edəcək.

Axı o, həm də veteranlar ittifaqının sədridir.

Abdullayev yaşlı nəsil nümayəndələrinin qurumun fəaliyyətinin «tənqid atəşi»nə tutmasının önünü kəsməyə nail olarsa, AFFA Futbol Veteranları İttifaqına ayrılan vəsaiti artırmaqla yanaşı, «Turan Tovuz» Premyer Liqaya çıxacağı təqdirdə, onu öz vəzifəsində saxlayacaq.

AFFA-nın indiki məqamda Abdullayevdən ikiəlli yapışması başadüşüləndir.

Son vaxtlar federasiya əleyhinə danışan veteranların sayı durmadan artmaqdadır. Haqlı və haqsız.

İttfaqın sədri də axır həftələrə kimi onlardan geri qalmırdı. Gah nala vururdu, gah mıxa.

Bir gün narazıları «Neftçi»nin keçmiş bazasına yığıb AFFA-nın arxasınca «asıb-kəsirdi», ertəsi gün isə federasiya mənsubları ilə tədbirlərdə iştirak edir, bol-bol şəkil çəkdirirdi.

Əslində, AFFA Abdullayevin niyyətindən xəbərdardır. Qurumda çalışanlar bilir ki, o, tez-tez mövqe dəyişən şəxsdir.

Onu əldə saxlamağın tək yolunun madiyyatdan keçdiyini də yaxşı başa düşürlər. Görürlər ki, ayağını tapdalamaq olmaz, yoxsa hər dəqiqə əks tərəfə çevriləcək.

Abdullayev AFFA-dan şikayətçi düşən futbol adamlarından bir neçəsini öz tərəfinə çəkə bilib.

Biz yalnız «Turan Tovuz»un Müşahidə Şurasında yerləşdirdiyi Əfqan Talıbovla Novruz Əzimovu nəzərdə tutmuruq. Başqaları da var, yavaş-yavaş üzə çıxacaqlar…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti