"Zirə" QAPANDI

2 Dekabr 2020 11:40 Zirə 707
"Zirə" QAPANDI

Son vaxtlar Azərbaycan futbolunda koronavirusa yoluxma hallarının artmasını nəzərə alan "Zirə" təhlükəsizlik tədbirlərini gücləndirib.

Qəsəbə təmsilçisi dünəndən tamamilə "Ruslan-93"ə yığışıb.

"Qarabağ"ın vaxtilə məskunlaşdığı bazanı birillik icarəyə götürən "qartallar" burada ətraf aləmdən tam təcrid olunub. Bu addım futbolçuların başqaları ilə ünsiyyətdə olmasını və yoluxma riskini minimuma endirmək məqsədilə atılıb.

Çünki məşqçi Eltun Yaqublu, futbolçulardan Ali Sesay, Klesio Bauk və Kərim Diniyev koronavirusa yoluxub. Hazırda onlardan yalnız Diniyev aktiv xəstədir.

Bununla belə, risk böyükdür və sadə qorunma vasitələrinin heç də yetərli olmadığı artıq şübhə doğurmur. Virusa yoluxma təhlükəsi hər gün var və düşərgədə daha kimlərinsə xəstəlik tapması mümkündür.

Odur ki, "Zirə" rəhbərliyi ciddi iş rejiminə keçib. Bazanın qapıları hamı üçün bağlanıb. Bu, dekabrın 20-dək – Premyer Liqada qış fasiləsinin elan olunacağı tarixədək belə davam edəcək.

Daha bir yenilik isə odur ki, futbolçular həftədə 1 yox, 3 dəfə test verəcək. Yəni, ikigündən bir. Bu məqsədlə özəl xəstəxanalardan biriylə razılıq əldə olunub.

Qida rasionuna gəlincə, bu da təkmiləşdirilib. Gündəlik menyuda koronavirusa qarşı immunitet artıran məhsulların sayı artırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!