Azərbaycan klubunun türklərlə 6-cı dueli

11 Yanvar 2020 13:01 Zirə 665
Azərbaycan klubunun türklərlə 6-cı dueli

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununu keçirəcək. Ayın 8-dən qonşu ölkədə olan “qartallar” yerli “Ümraniyespor”la üz-üzə gələcək. Əsası 1938-ci ildə qoyulan İstanbul təmsilçisi Türkiyənin 1-ci liqasında mübarizə aparır. Ötən mövsümü 8-ci pillədə başa vuran komanda cari çempionatın 17 turundan sonra 25 xalla 7-ci sırada qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, “Ümraniyespor”la görüş “Zirə”nin Türkiyə klubları ilə 6-cl dueli olacaq. İndiyədək elə qonşu ölkədə təşkil olunan toplanışlar çərçivəsində 5 yoxlama matçı baş tutub. İlk belə matçlar 2016-cı ilin yayına təsadüf edib. “Qaziantep” BB ilə qarşılaşmada Təmkin Xəlilzadənin qolu ilə 1:0 hesablı qələbə qazanan “Zirə” “Göztəpə” ilə bərabərə qalıb – 1:1. Bu dəfə Elvin Məmmədov fərqlənib.

İki il sonra yay toplanışında da türkiyəlilərlə iki sınaq gerçəkləşib. “Girəsunspor”la görüşdə qol vurulmayıb. “Osmanlıspor”la matçda isə rəqibin avtoqolu “Zirə”yə minimal hesablı qələbə qazandırıb.

Son duel ötən yay baş tutub. Əvvəlki 4 qarşılaşmada 2 qələbə və 2 heç-heçəsi olan “qartallar” ilk məğlubiyyətini “Adana Dəmirspor”dan alıb - 2:3. Qonşu ölkə təmsilçisinin qapısına Şefik Tiqrudja və Soni Norde yol tapıb. Bu beş oyunda 5 qol vuran "Zirə" 4 top buraxıb.

Qeyd edək ki, ümumilikdə Türkiyədə 26 beynəlxalq yoxlama görüşünə çıxan “Zirə” 11 dəfə qalib gəlib, 5 heç-heçə edib, 10 dəfə uduzub. Top fərqi də komandamızın xeyrinədir - 36-25.

Digər Xəbərlər
Xəbər Lenti