"Meydana buraxdım ki, Azərbaycan futbolunu hiss etsin" - Rəşad Sadıqov

2 Fevral 2021 20:20 Zirə 1 543
"Meydana buraxdım ki, Azərbaycan futbolunu hiss etsin" - Rəşad Sadıqov

"İlk dəqiqələrdən oyun gərgin keçdi. Hər iki komanda mübarizə apardı. Dinamik oyun alındı. Qarşıda bizi daha bir 90 dəqiqə gözləyir. Hesab bizə üstünlük yaratmır. Rahatlaşmaq olmaz. Bu, yolverilməzdir. İlk hissənin sonundan rəqib daha irəli atıldı. Hər iki komandanın oyunu təqdirəlayiq idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komandada qələbəyə inam var idi: "İnanmadan nəticə qazanmaq çətindir. İnam hər zaman hər şeyi həll etmir. Rəqibin də oyunu çox önəmlidir. Samir Abasovun gəlişi ilə "Neftçi"də çıxış var. Futbolçular kimə qarşı oynadıqlarını dərk edirdilər. İlk 90 dəqiqədə uğur qazandıq".

Sadıqovun sözlərinə görə, baş məşqçi kimi ilk ilində kuboku hədəfləmək kimi bir düşüncəsi yoxdur : "Səhər axşam titul qazanım, elə düşünüm deyə bir şey yoxdur. Qarşımızdakı rəqiblər potensiallı və ciddi komandalardır. Qış fasiləsindən sonra hamı yaxşı təsir bağışlayır. Sadəcə hər oyun haqqında düşünürəm, futbolçuları qarşıdakı oyunlara hazırlayıram".

Baş məşqçi yeni transferlər haqqında da danışıb: "Yeni transferlər hazırlıq dövrünü bizimlə keçmədi. Filipi meydana buraxdım ki, Azərbaycan futbolunu hiss etsin. Əslində hazır deyildi. Müdafiəçinin oyunundan isə razıyam. Yeni oyunçularımızdan bu gün razı qaldım. İnanıram ki, zaman keçdikcə daha da inkişaf edəcəklər".

Sadıqov Rəqibin güclü tərəflərini bildiklərini sözlərinə əlavə edib: "Öz düşündüklərimi etdik. Emin Mahmudov "Neftçi"nin döyünən ürəyidir. Başa-baş toqquşdu və əvəzləndi. İstəməzdim ki, hansısa futbolçu zədələnsin. Dodağı partlayıb, düşünürəm ki, ciddi olmayacaq".

Digər Xəbərlər
Xəbər Lenti