Rəşad Sadıqov, “yaxşı adam” olma

13 Yanvar 2021 21:00 Zirə 579
Rəşad Sadıqov, “yaxşı adam” olma

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolda ilk müəllimi Vaqif Paşayevi özünə köməkçi götürüb.

Öncədən onu deyim ki, Vaqif Paşayev Azərbaycan futbolunda hörmət etdiyim tək-tük uşaq məşqçilərindən biridir.

Bu təyinatdan sonra “rəşadsevərlər” sosial şəbəkələrdə qan edirlər. “Adam kimi adam”, “yaxşı insan”, “gözəl ürək sahibi”, “qızıl ürəkli adam” kimi epitetlər bir-birini əvəz edir.

Heç kim deyə bilmir ki, Rəşad Sadıqov düz addım atmayıb. Sizin sevimli Sadıqovunuz “yaxşı adam” olmağı peşəkar olmağa qurban verib.

Amma cəmiyyət başqa cür düşünür. Həmişə olduğu kimi, Azərbaycan cəmiyyətinə xas olan mentalitet hakimdir sosial şəbəkələrdə. “Rövnəq Abdullayev yaxşı adamdır, onu niyə tənqid edirsiniz”, “Ramin Musayev qızıl kimi insandır, ondan nə istəyirsiniz”, “Elxan Məmmədov inteligentdir, nə veribsiniz ala bilmirsiniz ondan” ittihamları ilə o qədər qarşılaşmışıq ki.

Heç kimi də başa sala bilməmişik ki, ay başınıza dönək, biz yazmırıq ki, Rövnəq Abdullayev pis adamdır, biz deyirik ki, Rövnəq müəllim pis kadrdır AFFA prezidenti ikimi. Kimə deyirsən, kütlə yenə də öz bildiyini heç kimə vermir.

Rəşad Sadıqov Vaqif müəllimi özünə köməkçi aparmaqla Azərbaycanın uşaq futboluna böyük zərbə vurub. Vaqif müəllimi mükəmməl bacardığı işdən ayırıb. Əgər ümid edirdiksə ki, bundan sonra da Vaqif müəllim heç olmasa 1-2 Rəşad yetişdirə biləcək, daha ondan da əlinizi üzün.

Rəşad Sadıqov Vaqif müəllimə, ümumilikdə Azərbaycan futboluna borcunu onda qaytarardı ki, uşaq futbol məktəbi açardı. Vaqif Paşayevi də ora rəhbər təyin edərdi, deyərdi ki, müəllim, sənin üçün istədiyin şəraiti yaratdım, gəl sevimli işinlə məşğul ol, əsl istedadları tap, yetişdir.

Bu da heç, heç olmasa Vaqif müəllimi “Zirə”nin uşaq futbol məktəbinə rəhbər təyin edərdi. Yoxdur “Zirə”nin uşaq futbol məktəbi?

Rəşad Sadıqov yaxşı adamdır, adam kimi adamdır. Bildik, buna heç kimin sözü yox. Amma Rəşad Sadıqov peşəkar deyil. Rəşad Sadıqov bəlkə də peşəkar olardı.

Amma bu cəmiyyət, bu mentalitet onu peşəkar olmağa qoymur. Elə ona görə də Vaqif Paşayevi də uşaq futbolumuzdan alıb apardı.

Bəlkə də gələcəkdə yaxşı futbolçu ola biləcək 2-3 istedadlı uşağı arxasız-dayaqsız qoydu. Götürün, “yaxşı adam Rəşad Sadıqov” sizin olsun. Mən isə peşəkar Rəşad Sadıqovu axtarmağa gedirəm.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”