"Onu "Qarabağ"dan birdəfəlik transfer etməyə büdcəmiz çatmadı"

6 Yanvar 2021 11:40 Zirə 1 487
"Onu "Qarabağ"dan birdəfəlik transfer etməyə büdcəmiz çatmadı"

Bilindiyi kimi, "Qarabağ" Musa Qurbanlını mövsümün sonuna qədər "Zirə"yə icarəyə verib.

18 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 5 oyunda meydanda olub və 1 qolla yadda qalıb.

Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov Sportinfo.az-a açıqlamasında bu keçidlə bağlı gözləntilərini dilə gətirib:

"Musa ilə bağlı "Qarabağ"la əvvəldən danışığım olmuşdu. Onunla bərabər, həm də Hacıağa Hacılını rəhbərliyim altında görmək istəyirdim.

Bu gün komandamızda U-21-dən 4-5 futbolçu var. Sərtan Taşkın, Qismət Alıyev, Hacıağa Hacıylı və İlkin Muradovu elə U-21-dən tanıyıram. Hamısı ilyarım əvvəl bir yerdə fəaliyyət göstərdiyimiz oyunçulardır.

Belə olan halda, onlarla işləmək daha rahatdır. Futbolçular sənin fəlsəfəni, metodikanı, tələblərini bilir. Mən də onlara yaxşı bələd idim deyə, işimi asanlaşdırırdı.

Həm onlar məni yaxşı tanıyır, həm də mən onların potensialına bələdəm. Musa da o futbolçulardandır.

"Qarabağ"ın U-19 komandasında baş məşqçi kimi çalışanda, onun transferi mənim israrımla baş vermişdi. Artıq 16 yaşında U-19-un əsas oyunçusuna çevrilmişdi. Ən çox qol vuran futbolçulardan idi.

Yayda "Zirə"nin baş məşqçisi təyin olunanda, istədiyim futbolçular vardı. Bəziləri alındı, amma Musanın keçidi alınmadı.

"Qarabağ" oyun sayının çox olmasını və Avropa Liqasının qrupuna düşmə ehtimalını nəzərə aldığı üçün Musa transferi baş tutmadı. İndi bir daha istəyimi bildirdim.

Onu öz komandamda görməyə şadam. Mənim üçün futbolçunun yaşı fərq etmir. İstər yaşı 16-17 olsun, istər 34-35. Bütün futbolçularıma eyni gözlə baxıram.

Bəli, bir məşqçi kimi istəyərəm ki, futbolumuzun belə dönənimdə gənclər komandamda daha çox yer tutsun. Burada oyansınlar və inkişaf etsinlər.

Açığı, indi də "Qarabağ"ın Musanı buraxmamaq ehtimalı vardı. Bir neçə dəfə müraciət etdikdən sonra "Qarabağ" tərəfini razı sala bildik. Çox istərdim icarə olmasın, onu brdəfəlik transfer edək.

Amma bu gün büdcəmiz buna imkan vermir. İnanıram ki, Musanın "Zirə" karyerası uğurlu alınacaq və həm bizə, həm də özünə faydası dəyəcək".

Xəbər Lenti