Rəşad Sadıqov Avropaya səs salan futbolçusundan danışdı

5 Yanvar 2021 13:40 Zirə 3 642
Rəşad Sadıqov Avropaya səs salan futbolçusundan danışdı

"Düşünürəm ki, o, 2-3 ildən sonra Azərbaycanın aparıcı müdafiəçilərindən birinə çevriləcək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, bugünlərdə "Benfika"dan təklif alan Cəlal Hüseynov haqda danışıb. Gənc mütəxəssis məşhur Portuqaliya klubu tərəfindən baxışa çağırılan 18 yaşlı müdafiəçinin böyük potensial vəd etdiyini bildirib:

"Dekabrın sonlarına yaxın "Benfika"dan Cəlalın iki həftəlik baxışa buraxılması ilə bağlı təklif aldıq. Yəqin ki, hamı mənim kimi istəyər ki, azərbaycanlı futbolçu belə bir klubdan təklif alsın.

Hətta bu baxış olsa belə, bunu dəyərləndirmək hər bir azərbaycanlının borcudur deyə düşünürəm. Cəlal bizim üçün önəmli futbolçularımızdandır.

Gələcəyə ümid bəslənən futbolçulardandır. Onun qarşısını almaq biz tərəfdən düzgün olmazdı. 3-4 gün iki klub arasında bəzi detallar danışıldı.

Əgər bəyəniləcəyi təqdirdə, hansı müqavilə qüvvəyə minəcək. Ayın 3-dən Cəlal "Benfika"nın düşərgəsinə qoşulmalı idi. Yeganə problem o oldu ki, Cəlalın sənədinin vaxtı bitmişdi və dəyişməyə vermişdi.

O da bayram günlərinə düşdüyü üçün pasport gecikdi və vizanın alınması gecikdi. Ayın 6-sı viza alınmalıdır.

Viza alındığı təqdirdə, Cəlal "Benfika"nın düşərgəsinə qoşulacaq. 16-sı Bakıda olmaq şərtilə. Viza ilə bağlı problem yaransa, ola bilər, bu müddət dəyişdirilsin.

Onun "Qarabağ" və "Neftçi" kimi komandalara qarşı soyuqqanlı çıxışı "Benfika"nın diqqətini cəlb edib. İnandığım, güvəndiyim potensiallı oyunçudur.

Meydanı görməsi, oyunu "oxuması", özünə inamı, soyuqqanlılığı, komanda yoldaşlarını sığortalaması kimi keyfiyyətlərinin olması ilə seçilir.

Çox müsbət keyfiyyətlər cəmlənib bu futbolçuda. İnanıram ki, yaxın gələcəkdə ölkəmizin aparıcı futbolçularından birinə çevriləcək.

"Benfika" onu bəyənərsə, nə addım atacağıq? Əlbəttə, getməsinə razıyıq. Əgər bəyənilsə və iki klub arasında şərtlər razılaşdırılsa, yəqin ki, ayın 21-dən sonra göndərəcəyik.

Çünki bizdə mərkəz müdafiəçinin biri cəzalı durumdadır. Danışılıb ki, ən azı bu tur Bakıda olmalıdır. Ondan sonra buraxacağıq".

Digər Xəbərlər
Xəbər Lenti