Sportinfo.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəlcə şəhid futbolçu İlqar Bürcəliyevlə bağlı fikirlərinizi bilmək istərdik...
- Çox sevindiricidir ki, İlqar sorğuda qalib oldu. Hamımız qürur duyur, fərəhlənirik. İlqarın xəyalı yaxşı futbolçu olmaq idi. Amma bundan da uca zirvəyə yüksəldi, torpaqlarımızın işğaldan azad olması uğrunda qəhrəmanlıq göstərdi, canından keçdi. Allahdan ona rəhmət diləyirik. İnanıram ki, qardaşı futbolçu kimi onun arzularını həyata keçirəcək.
- "Zirə"nin 2020-ci ildəki çıxışını necə dəyərləndirirsiniz?
- Futbola gəlincə, ilin ilk yarısı bir az qarışıq keçdi. Mövsüm yarımçıq dayandırıldı. Futbolçular az sayda oyun keçirdilər. Qış fasiləsindən sonra cəmi 6-7 tur oldu. Bu, onların performansına təsir etməyə bilməzdi. Amma sevindiricidir ki, avqustda çempionatımız bərpa olundu. Mövsümün ilk yarısında 13 tur oynadıq. Hətta yoluxma sayına görə çempionatın yenidən dayandırılması təhlükəsi var idi. Sevinirik ki, çətinliklərə baxmayaraq, klublar təcrid olundu və hamı sağaldı. Bundan sonra oyunlarımıza davam etdik. Bu, çox önəmli idi. Onsuz da çempionatda cəmi 28 oyun keçiririk. Kuboku da nəzərə alsaq, futbolçu üçün maksimum 33 qarşılaşma olur. Bu, oyunçunun fərdi inkişafı üçün çox azdır. Ona görədə matçların təxirə salınmasına qəti şəkildə qarşıyam. Hesab edirəm ki, bu, futbolçuların inkişafına zərbə vurur. Ümumi götürsək, komandanın çıxışını yaxşı qiymətləndirirəm. Turnir cədvəlində 3-cü sıradayıq. 4, 5 və 6-cı yerdəki komandalarla xal fərqimiz var. Amma elə də böyük deyil. Nəzərə alaq ki, qarşıda hələ 15 tur var. Yeni qurulan komandayıq. Çoxlu transferimiz oldu. Bu futbolçular ilk dəfədir bir yerdə oynayır. Buna baxmayaraq, bir-birimizə çox tez uyğunlaşdıq. Razıyam, daha da yaxşı ola bilərik. Komandamızın daha yaxşı səviyyəyə gəlməsi üçün çalışacağıq.
- Sizə görə Azərbaycanda ilin komandası və oyunçusu hansıdır?
- Aydın məsələdir ki, hamımız "Qarabağ"a səs verməliyik. Çünki həm çempion olublar, həm də Avropa Liqasının qrupunda oynayıblar. Bu uğuru başqa komanda əldə etsəydi, onu fərqləndirəcəkdik. Futbolçuya gəldikdə, şəxsi fikrimdir ki, bu ada Şahruddin Məhəmmədliyev layiqdir. Həm millidə, həm də "Qarabağ"da çətin rəqabətdən əsas heyət üzvünə çevrildi. Bundan əlavə, meydanda aparıcı qüvvə oldu və həlledici məqamlarda komandasını xilas etdi. Ümumiyyətlə, çox xarakterli oyunçudur. Rəqibi kim olur-olsun, hər zaman özünü birinci görür. Bunun hesabına həm millidə, həm də klubunda əsas qapıçıdır.
- 2020-ci ili özünüz üçün necə qiymətləndirirsiniz?
- 2020 həyatımızın ən möhtəşəm, yaddaqalan ili olacaq. İllərdir xəyal qurduğumuz, arzuladığımız Qarabağa qovuşduq. Müharibədəqalib gəldik, işğal altındakı əraziləri azad etdik. Yəqin ki, ömrümün sonunadək həyatımda belə il olmayacaq. Düzdür, ilin əvvəlində pandemiya ilə bağlı çətin dövr yaşadıq. Amma sonu möhtəşəm oldu. İnanıram ki, qarşıdakı ildə də futbolumuzla tairx yazacaq, böyük zəfərlər əldə edəcək, yaddaşlarda da elə qalacağıq.

