“Zirə”də növbəti ayrılıq dünən rəsmiləşib.
Qəsəbə təmsilçisi Borçe Xristovla yollarını ayırıb.
Baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən olan şimali makedoniyalı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu ilin iyulundan “Zirə”də çalışan mütəxəssisin klubdakı fəaliyyəti 5 ay sürüb.
Rəşad Sadıqov baş məşqçi postuna təyin olunduqdan sonra onun istəyi ilə "Qarabağ"dan "Zirə"yə gəlmişdi. O, Sadıqovla U-21-də işləmişdi.
2007-ci ildən bu yana fasilələrlə olsa belə, Azərbaycanda çalışan balkanlının vaxtilə “Bakı“ vasitəsilə ölkəmizin yolunu tanıdığını da xatırladaq. İlk dəfə Qyoko Hacıyevskinin köməkçisi kimi bura təşrif buyuran makedoniyalının indi "Zirə"dən ayrılması maliyyə məsələlərindən qaynaqlanır.
Belə ki, Xristov müqavilə şərtlərinə yenidən baxılmasını, yanvardan etibarən əməkhaqqısının iki dəfə artırılmasını tələb edib. O, mətbuata açıqlamasında “klubdan ayrılmağımda baş məşqçi ilə aramda hansısa narazılıqdan söhbət gedə bilməz.
Sadəcə, bəzi məsələləri müzakirə etdik və başa düşdük ki, yolların qarşılıqlı razılıq əsasında ayrılması çıxış yoludur" söyləməklə, əslində, bunu nəzərdə tutub.
SPORTİNFO.AZ

