«Zirə»nin legionerləri yeni ili Azərbaycanda qarşılayacaq.
Sportinfo.az-ın məlumatına görə, əcnəbi futbolçular Milad bayramını Bakıda keçirməklə bağlı klub rəhbərliyinin təklifinə müsbət yanaşıb.
Dekabrın 24-də Premyer Liqada qış fasiləsi elan olunacaq. Mövsümün qalan hissəsi isə yanvarın 21-də start götürəcək.
Qəsəbə klubunun legionerləri bu müddətdə ölkələrinə yollanmayacaq. Bu razılaşma onları koronavirus təhlükəsindən qorumaq məqsədi daşıyır. Həm də ki, Azərbaycan hava məkanını bağlayıb.
AZAL yanvarın 31-dək bütün beynəlxalq uçuşları dayandırıb. Bu zamin kəsiyində yalnız xüsusi uçuşlar təşkil etməyə icazə var.
Aydındır ki, bu da çox baha başa gəlir. «Zirə»li oyunçular vətənlərinə yola düşsə, vaxtında geri qayıda bilməyəcək, odur ki, belə bir ehtiyat tədbirinə gərək duyulub.

