"Zirə"nin və millinin yarımmüdafiəçisi Elvin Camalov Sportinfo.az-a müsahibə verib.
- Elvin, milli komandanın toplanışından qayıdan və virusa yoluxmayan az saylı futbolçulardansan. Özünü daha çox qoruyurdun deyə belədir, yoxsa başqa səbəblər var?
- Milli komandada olanda hamımız qorunurduq. Mən də ehtiyatlı davranıram. Çalışıram maksimum dərəcədə çox adamla ünsiyyətdə olmayım. Mümkün qədər əməl edirəm bu şeylərə. Allah virusa yoluxan hər kəsə kömək olsun.
- Mən də yoluxaram deyə içində narahatçılıq varmı?
- Psixoloji olaraq adam bəzən düşünür ki, bəlkə, mən də koronayam. Düşünürsən gələn dəfə test məndə də pozitiv çıxar. Yorğunçuluq, halsızlıq olanda belə fikirlər olur.
- Klublarımızda kütləvi yoluxma halı yaşanır. Əksəriyyət bunu milli komandadan qayıdan futbolçularla əlaqələndirir ...
- Millidə çox ciddi şəkildə nəzarət vardı. Hər kəs otaqlarda tək qalırdı. İlk gündən hər şeyə əməl olunub. Amma bilmək olmur ki, sabah necə olacaq. Bu gün bir yerdə məşq etdiyimiz futbolçuda növbəti gün pozitiv çıxır. Özümüz də buna təəccüb qalırdıq ki, bu, necə bir şeydir. Bunu nə iləsə əlaqələndirməyə ehtiyac yoxdur. Hər adam bu virus tuta bilər. Elə futbolçualar oldu ki, milli komandada olanda yox, gəlib Bakıda virusa yoluxub. Belə hallarla da rastlaşırıq.
- Son turun bütün görüşləri təxirə salındı. Hazırkı şərtlər altında çempionatın davam etdirilməsini, yoxsa dayandırılmasını istərdin?
- Biri ölkə kuboku olmaqla 4 oyunumuz qalır. Bu şeylərə rəhbərlik qərar verməlidir. Mən, sadəcə, öz düşüncəmi deyirəm ki, davam etsə daha yaxşı olar.
- Zədədən qayıtdıqdan sonra son oyunlar "Zirə"də davamlı olaraq şans qazanmırsan. Az şans qazanmağını zədən ilə bağlamaq olar?
- Zədə ilə bağlamazdım. Özümü yaxşı hiss edirəm. Elə oyun olub, əsas heyətdə yox, sonradan meydana daxil olmuşam. Hər bir futbolçu üçün bu var. Çalışıram zədədən sonra daha da yaxşı forma yığım və əsas heyətin daimi üzvünə çevrilim.
- Komandanızda mövsümün əvvəli köklü dəyişiklər oldu. Buna rəğmən liderlər qrupunda mübarizəni davam etdirirsiz. "Zirə"dən belə bir çıxışı gözləyirdinmi?
- Əsas odur, yaxşı kollektivimiz var. Çalışırıq ki, hər oyuna qələbə ilə çıxaq. Bacardığımız qədər mübarizə aparırıq. İlk sıralarda olmaq təbii ki, sevindirici haldır. Çalışırıq ki, bu yerimizi qoruyaq və daha da inkişaf edək.
Xanoğlan İmanov

