Ayxan Abbasovun “Turan Tovuz”dan ayrılmasından sonra vakant posta bir neçə məşqçinin adı hallanır.
Tərlan Əhmədov, Azər Bağırov, Adil Şükürov, Aftandil Hacıyev...
Sonuncunu bi siyahıdan silmək şərtdir. Söhbət Ayxan Abbasovun ayrıldığı iş yerindən gedirsə, Aftandil Hacıyev ora getməz. Əsla və əsla!
İllərin yaxın dostları olan ikili bu cür məqamlarda diqqətli davranmağı bacarırlar. Birinin boşaltdığı post üçün digəri sinəsini qabağa verib “mən də varam” demir.
2022-ci ilin yayında Hacıyev “Səbail”dən ayrılanda rəhbərlik “dənizçilər”i çalışdırmağı Abbasova təklif etmişdi. Ayxan bəy təklifi yaxına buraxmamışdı. Dostunun yerinə getməyi özünə sığışdırmamışdı.
Digər tərəfdən, Aftandil bəyin hazırda “Qarabağ”ın akademiyasının rəhbəri kimi aldığı məvacib onu qane edir. “Turan” daha artığını təklif edən deyil ki, ən populyar klubdan ayrılsın.
Tərlan Əhmədovun xaraketi “Turan”ı çalışdırmasını əngəlləyir. Rəhbərlik millimizin sabiq kapitanının əvvəlki iş yerlərindəki davranışları ilə bağlı müəyyən siqnallar alıb.
Yerli məşqçi olacaqsa, Bağırovla Şükürovdan biri ilə müqavilə bağlanacaq.
HƏBİB

