Belə hücumçunu Azərbaycanda kim istəməz?

12 Mart 16:00 Turan 5 341
Belə hücumçunu Azərbaycanda kim istəməz?

2024-cü il özüylə «Turan Tovuz»a yenilik gətirib.

Doğma rayonu qonaqlar üçün alınmaz qalaya çevirə biliblər.

Ötən sezon belə deyildi. Kimə gəldi, nə vaxt gəldi, uduzurdular.

Ayxan Abbasov o etapı keçdi. Artıq növbəti mərhələ başlayıb və bunun davamlı hal alacağına gümanım çoxdur.

Çün Abbasovun əlində Aleks Souza kimi hücumçu var indi. Brazilyalı tapıntıdır. Azərbaycana gec gəlsə də, «Turan»a güc gətirib.

Əsl fürsətcildir. Ayxan Abbasova oğulluq edəcək qədər qol duyumu yüksəkdir. Bir də eşitdiz ki, müsahibə verib: «Ayxan Abbasov mənim atamdır».

Hər halda onlar arasında ata-oğul münasibətlərini, o istiliyin yaranmasını sezməkdəyəm.

«Boluspor»da pis bir dönəm yaşamış, ondan sonra aylarla klubsuz qalmış Aleks «Turan»da özünə gəlib. İki dəqiqəyə dubl edən hücumçunu kim istəməz?

«Turan Tovuz» - «Araz-Naxçıvan» qarşılaşması açıq futbola səhnə olmadı. Hər iki komanda taktiki savaşa üstünlük verdi.

Qapandılar, bir-birlərinə yaxın oynadılar. Top ən çox mərkəz bölgədə var-gəl etdi.

«Araz» fasiləyədək ərazi üstünlüyü yaxalasa da, ikinci hissədə bu inseativi «Turan»ə ötürdü.

Zədədən dönən Aleksə bir balaca açıq zona tapmaq kifayət etdi ki, gedişatı büsbütün «Turan»ın xeyrinə dəyişsin.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!