Görünən odur ki, Premyer Liqada qalmaq uğrunda əsas mübarizə beş komanda arasında gedəcək.
“Sumqayıt”la “Araz-Naxçıvan”ın düşdüyü vəziyyətdən çıxacağına inam böyükdür.
Hər ikisinin heyətində bacarıqlı yerli və əcnəbi futbolçuların yer alması qeyri-sabitliyin müvəqqəti xarakter daşıdığını ehtimal edə bilərik. Həm də, oyun planında pis təsir bağışlamırlar.
Yerdə qalanlar – “İmişli”, “Şəfa” və “Qəbələ”nin sonuncu olmamaq üçün sona qədər yarışacağı daha inandırıcı görünür.
“İmişli”nin heyətində ən yaşlı futbolçu olan Bəxtiyar Həsənalızadə Sportinfo.az-a açıqlamasında komandasının hədəfi barədə söz açıb:
“Komandamızın potensialına ümidim böyükdür. Çünki yaxşı heyətimiz var.
Sadəcə son oyunlarda zədəli futbolçuların çoxluğundan əziyyət çəkirik. Onlar qayıdandan sonra daha fərqli, daha yaxşı “İmişli” görəcəksiniz.
İndi də pis deyilik. “Kəpəz”ə məğlub olduğumuz matça qədər ardıcıl üç görüşdə qələbə qazanmışdıq. Sadəcə oyunlara tam heyətlə hazırlaşa bilməməyimiz hansısa məqamlarda özünü göstərir”.
10 turdan sonra aktivində 10 xal olan “İmişli” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
HƏBİB
