“İmişli” bu gün Azərbaycan Premyer Liqasının 11-ci turunda “Sumqayıt”ı qəbul edib.
Sportinfo.az xəbər verir ki, 0:0 hesabı ilə yekunlaşan matçdan sonra bölgə təmsilçisinin məşqçisi Ervins Perkonsun mətbuat konfransı keçirilib. Latviyalı mütəxəssis oyuna planladıqları kimi başlamadıqlarını bildirib:
“Öncə Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik edirəm.
Oyuna gəlincə, bərabər səviyyəli matç keçdi. Matça tam olaraq planladığımız kimi başlamadıq. İkinci hissədə daha yaxşı çıxış etdik, şanslarımız oldu.
Düşünürəm ki, ədalətli nəticə oldu. Amma bizim istədiyimiz bu deyildi. Oyunçularımın performansından razı qalsam da, nəticə istədiyimiz kimi olmadı.
Bəxtiyar Həsənalızadənin zədələnməsi bizim üçün böyük itki idi. Amma onun mövqeyində çıxış edən futbolçularımın performansı xoşuma gəldi.
Mehdi də məşqlərdə özünü çox yaxşı tərəfdən göstərir. Mövsümboyu çoxlu oyunlarımız olacaq. Rotasiyalar etmək bizim üçün çox xoşdur. İnkişafa davam etməliyik.
Düşünmürəm ki, mən gəldim və biz daha yaxşı çıxış etməyə başladıq. Əsas işi oyunçular görür. Bu meydanda məğlub olmamağımızın səbəbləri futbolçuların motivasiyasından asılıdır.
Həm də, rəqiblərimiz bəlkə də, süni meydançada çətinlik çəkirlər, həmçinin, uzaq yol gəlirlər. Yaxşı çıxışımızda azarkeşlərimizin rolu var.
Məqsədimiz həmişə qalib gəlməkdir. Futbolçularımın performansı xoşuma gəlir. 4 oyuna 7 xal qazanmışıq, amma 12 xal olsaydı, daha yaxşı olardı.
Dediyim kimi, nəticədən elə də razı deyiləm. Məqsədimiz həmişə udmaq olub.
Baş məşqçi kimi rəsmiləşməyim rəhbərliyin verəcəyi qərardır. Mən həmişə əlimdən gələni etməyə çalışıram ki, yaxşı nəticələr qazanaq”.
