Tovuzlu azarkeşlər “qan ağlayır”.
Premyer Liqanın startından bu yana komandanın əldə etdiyi nəticələr uğursuz gələcəkdən xəbər verir.
Bölgə təmsilçisi geridə qalan 3 turda bütün komponentlərdə özündən zəif rəqiblərlə üzləşib. “Qəbələ”ni öz meydanında 1:0 hesabı ilə məğlub edib, Tovuzda “Şamaxı” ilə bərabrə qalıb, qərb derbisində səfərdə “Kəpəz”ə uuzdub – 0:1.
Beləliklə, “Turan Tovuz” 3 oyunda cəmi 4 xal toplayıb.
3 oyunda rəqib qapılarından cəmi 1 top keçirib.
3 turdan sonra 5-ci pillədə yer alıb.
Bu nəticələr klubun səxavətli başqanı Ehtiram Quliyevin xərclədiyi milyonlarla qəti uzlaşmır. İşlər qaydasında getsəydi, tovuzlular hazırda 9 xalla turnir cədvəlinə liderlik edirdi. Faktiki, aprıcı futbolçuların bir neçəsini itirmiş “Zirə” bunu bacarıb.
Çempionat uzun marafondur, mübarizə yeni başlayıb. Biri var, komanda oyun planında xoş təsir bağışlayıb uğursuzluğa düçar olsun, biri də var, oyun komponentlərində rəqibləri aşkar üstələyə bilməsin. Təəssüf ki, “Turan Tovuz” ikincini yaşayır.
Baş məşqçi Kurban Berdıyev tarixin yaddaşına çoxdan qovuşmuş futbol fəlsəfəsindən əl çəkmək fikrində deyil. Sanki acığa edir, “məni heç kim fikrimdən döndərə bilməz” deyir. Cansıxıcı futboldan əl çəkmək istəmir.
Az qala bütün Azərbaycan “Turan Tovuz”un sərgilədiyi futbola bələddir. Hücumlar cinahlara meyillənməli, sürətli keçidlər hesabına top cərimə meydançasına havalandırılmalı, orada da nə olar-olar. Ya da künc zərbələri və autlar hesabına ucaboy futbolçuların fiziki göstəriciləri işə yaramalıdır ki, qol vurmaq mümkün olsun.
“Sabah”la “Qarabağ”ın oyununa görəndən sonra “Turan Tovuz”un futboluna baxmaq, üzr istəyirəm, eşşəkdən düşüb ata minmək təsirini bağışlayır. Yəni arada yerlə göy qədər fərq var.
Berdıyev ilk ilində komandanı avrokuboklara daşıya bilmədi. Ötən mövsüm isə “Neftçi”ylə “Zirə”nin ləngər vurması fonunda üçüncülüyə nail olmağı bacardı. İndiki vəziyyət fərqlidir.
Adamlar “Turan Tovuz”u ciddiyə alır və hansı məqamda nə edəcəyini yaxşı bilir. Futbol dili ilə desək, rəqiblər Berdıyevin futbolunu “oxuyur” və ona uyğun hazırlaşır.
İndiki məqamda 3 matçda 4 xal toplayan baş məşqçini yola salmaq absurd qərar olar. Klub rəhbərliyi baş məşqçiyə müəyyən qədər vaxt verməlidir. Qarşıda “Sumqayıt”, “Araz-Naxçıvan” və “Zirə” ilə önəmli qarşılaşmalar var. “Turan Tovuz” bu görüşlərdə də xallar itirsə, Ehtiram Quliyev yeni baş məşqçinin axtarışına start verməlidir.
Kurban Bekiyeviçin oynatdığı futbolla avrokuboklara vəsiqə qazanmaq sensaniya sayılacaq. O ki qalmışdı çempion olmaq.
HƏBİB / SPORTİNFO.AZ
