"Dinamo"nun (Mahaçqala) futbolçusu Anton Kraçkovski 2025-ci ilə Azərbaycanda başlayacaq.
22 yaşlı yarımmüdafiəçi karyerasını Kurban Berdıyevin çalışdırdığı "Turan Tovuz"da davam etdirəcək.
Dağıstan klubunun baş direktoru Şamil Qazizov "Matç TV"yə bildirib:
"Böyük ehtimalla Anton Kraçkovski oyun təcrübəsini saxlamaq üçün yanvarda "Turan"a icarəyə göndəriləcək".
Kraçkovski 2024-cü ilin yanvarından "Dinamo"ya keçib. Onun Mahaçqala klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.
O, Berdıyevin rəhbərliyi altında bir müddət "Dinamo"da, ondan əvvəl isə "Kayrat"da çıxış edib. Berdıyevin "Turan Tovuz"a qədər sonuncu klubu məhz "Dinamo" olub.
Orta xətt oyunçusu olan Kraçkovski bu mövsüm "Dinamo"nun əsas komandası ilə bütün turnirlərdə 7 oyunda meydana çıxıb, 1 qol vurub.
"Turan Tovuz"un marketinq və idman əməliyyatları üzrə direktoru Səməd Nəsibov saytımıza bildirib ki, yarımmüdafiəçi Berdıyevə tanış biridir və elə onun istəyi ilə də komandaya gətirilir:
"Anton baş məşqçimizi "Kayrat"dan tanıyır. Qazaxıstanda bir yerdə işləyiblər.
Berdiyevlə yenidən çalışmaq istəyi var idi. Anton deyir ki, Berdiyevlə işləmək mənə rahatdır.
Biz də onu "Dinamo"dan birdəfəlik transfer etməyə çalışdıq. Razılıq vermədilər, dedilər, cavandır.
Beş ay bizdə oynayacaq. Yayda bir daha "Dinamo" ilə danışmaq fikrimiz var".
SPORTİNFO.AZ

