COP29

Ehtiram Quliyev vəzifəli dostunu da “Turan”a gətirmək istəyir

6 Dekabr 2024 14:40 Turan 1 433
Ehtiram Quliyev vəzifəli dostunu da “Turan”a gətirmək istəyir

«Turan Tovuz»da rəhbər vəzifəyə yeni təyinat gözlənilir.

İdarə Heyətinin sədri Ehtiram Quliyev dostunu kluba gətirmək istəyir.

Bu barədə iş adamının yaxın çevrəsindən redaksiyamıza məlumat verilib.

Bildirilib ki, AFFA tərəfindən yaradılan Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev Tovuzda çalışa bilər.

Quliyev ona 2 post təklif edib. Bunlardan biri vitse-prezident, digəri müşavir vəzifəsidir. Seçim Piriyevindir. Hansını istəsə, o postu da tutacaq.

AFFA başbilənləri onun FİF-dən ayrılmasına qarşı deyil. bu da anlaşılandır.

Tural Piriyev Elxan Məmmədova yaxın kadr sayılır. İkinci federasiyanın icraçı vitse-prezidenti və baş katibi olduğu illərdə bu şəxsi daim öz diqqətində saxlayıb, onun üçün «çətir» rolunu oynayıb.

14 il ərzində AFFA-nın təpəsində dayanmış E.Məmmədov onu kənar sahədən bura «transfer» edib. FİF-in yaradılması və bu zatın orada mühüm vəzifəyə gətirilməsi keçmiş icraçı vitse-prezidentin ideyasıdır.

Düzdür, FİF-in icraçı direktorunun son 1-2 ildə Məmmədovdan uzaqlaşması, hətta yeri gələndə, əleyhinə danışması barədə xəbərlər var, ancaq hələ də AFFA ilə əlaqələrini sıx tutması müəyyən qənaətə gəlməyə əsas verir.

Rövşən Nəcəfin Elxan Məmmədova bağlı şəxslərə münasibəti isə qətiyyən birmənalı deyil.

Aprelin 2-də AFFA-nın prezidenti seçilən Nəcəf qurumu tədricən onlardan təmizləməyə başlayıb. Artıq bir neçə fiqur öz vəzifəsi ilə vidalaşıb.

Futbolun İnkişaf Fondu 2016-cı ildə təsis olunub. Fondun nəzarət orqanı təsisçilər tərəfindən təşkil olunan Himayəçilər Şurasıdır.

Ehtiram Quliyevlə Tural Piriyevin münasibətləri 3 ilə yaxındır mövcuddur. 2022-ci ilin əvvəlində Tovuz təmsilçisini himayəsinə götürən iş adamı o vaxtdan Tural Piriyevin məsləhətlərinə qulaq verir.

Futbolun İnkişaf Fondunun icraçı direktoru ilə daim əlaqə saxlayan tikinti maqnatı ondan klubun idarəçiliyi ilə bağlı fikir alış-verişi edir.

Piriyevin rəyi, nə düşündüyü Quliyev üçün əsasdır - məşqçilərdən tutmuş ta sıradan funksionerlərə kimi.

Ehtiram Quliyev «Turan»ı məhz FİF-in də iştirakıyla baş tutan görüşmələrdən sonra öz çətiri altına keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti