O təsbehdən birini də Ehtiram Quliyevə verin…

26 Oktyabr 2024 19:40 Turan 1 301
O təsbehdən birini də Ehtiram Quliyevə verin…

Bu, «Turan Tovuz»un «çörək ağacı»…

O, nə Ehtiram Quliyevdir, nə Kurban Berdiyevdir, nə də bir özgəsi.

Təsbeh…

«Turan Tovuz»un «çörək ağacı» odur.

Berdiyev hər oyun vaxtı onu bir neçə dəfə öpüb gözünün üstünə qoyandan sonra bəxt komandasının üzünə gülür, nə hikmətdirsə.

«Turan» Premyer Liqanın axır 3 turunda qələbə qazanıb. «Zirə»ni son saniyələrdə udduqları kimi, «Kəpəz»ə də eyni aqibəti yaşatdılar. Çox iyrənc, müasir futbola xələl gətirən tərzdə oynasalar da.

O təsbehdən birini də Ehtiram Quliyevin əlinə vermək lazımdır. Belə daha yaxşı olar. Yoxsa yazıq 90 dəqiqə canına zülm edir, siqareti siqaretə calayır.

Həmin siqareti damağından yerinə qoyması üçün mütləq əlində təsbeh olmalıdır. Ki, hərdən öpüb gözünün üstünə qoysun, pis vərdişdən uzaqlaşsın.

Ax Ayxan Abbasov, nə deyim sənə ta…

Sənə deyən var idi ki, «Turan»a gözəl futbol oynat? Nə olsun demişdilər, gərək hər deyilənə qulaq asmazdın.

Ötən mövsüm «Qarabağ»dan sonra çempionatda ən çox qol vuran komanda «Turan» idi, Quliyevin əsl üzünü gördün axırda - səni də, köməkçilərini də atdı çölə.

Dediyin kimi, müqavilənin birtərəfli xitamına dair heç bir tutarlı səbəb də gətirə bilmədi.

A kişi, nəyinə lazım idi o?! Öz futbolunu oynadırdın, bu gün də iş başında idin, pulun da cibində.

Görmürsən Berdiyevi, bədbəxtlərə yaraşan futbolu oynatdırır «Turan»a, hər dəfə təsbehi öpməyin gücünə qələbə də qazanır.

Bax, ona «niyə belə futbol izlətdirirsən bizə» sualı verən var heç? Olardın sən, dar ağacından asmışdılar artıq. Cəsədin də çoxdan qurd-quşa yem olmuşdu.

Tovuz azarkeşi, Berdiyevin sevimli «Turan»ınıza sərgilətdiyi futboldan razısız? Düzünü deyin, lap düzünü.

Ayxan Abbasov ilk ilində bundan da zəif heyətlə və bundan da xeyli zəif büdcəylə «Turan»ı ayaqda saxladı, büdrəməyə qoymadı. Onda istefasını tələb etdiz.

Ötən mövsüm qol mənasında məhsuldar komanda formalaşdırdı, hücum futbolu oynatdı, yenə istefasını tələb etdiz. Deyən olmadı ki, hakim qərəzi və fərdi səhvlər Abbasova nə qədər zərbə vurdu.

Buyurun, bu da Berdiyev, niyə ona etirazınızı bildirmirsiz? Niyə söyləmirsiz ki, «Turan» baxımlı futbol oynaya bildiyi halda, bu nə taktikadır seçmisən?

Berdiyevin oynatdığı futboldursa… Adamın ödü ağzına gəlir.

Təsbehi öpmək kimi qəribə adətlə qol vuracaqlarına, qələbə qazanacaqlarına inanan baş məşqçiyə təzim edən Ehtiram Quliyevə acıyıram.

Onu və komandasını çox pis günlər gözləyir qabaqda.

Tanrı şirk xarakterli ritualı edəni sevməz və ona görə xeyir-bərəkəti də aparar bir gün…

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti