COP29

“Sportinfo“ klubda gündəmi dəyişdi, təcili iclas keçirildi, hədə-qorxu gəldilər!

9 Sentyabr 14:40 Turan 1 394
“Sportinfo“ klubda gündəmi dəyişdi, təcili iclas keçirildi, hədə-qorxu gəldilər!

“Turan Tovuz” Futbol Akademiyasının məşqçilərinin növbəti toplantısı keçirilib.

Verilən rəsmi açqlamada yığıncağın dünən təşkil olunduğu, burada yeni mövsümə hazırlıq, qarşıya qoyulan əsas məqsədlər və strategiyanın müzakirə edildiyi bildirilib.

Bildirilib, amma… Bu, sadəcə, gözdən pərdə asmaq, iclasın əsl mahiyyətini ictimaiyyətdən gizlətmək məqsədi daşıyır.

Toplantının əsas qayəsi son günlər «Sportinfo»da gedən xəbərlərdir. Akademiyanın direktoru Eltay Aslanov saytımızda yerləşdirilən açıqlamalardan narahatlığını dilə gətirib.

Bu postda Nadir Nəbiyevi əvəzləmiş yeni idarəçi iclasın gedişində «axtarış»a çıxıb. O, akademiyadakı mövcud vəziyyətlə bağlı saytımızı məlumatlandıran məşqçilərin tapılmasına çalışıb.

Gözlənildiyi kimi, Aslanovun bütün cəhdləri boşa çıxıb. Yığıncağa qatılanlardan heç biri «bu informasiyaların mənbəyi mənəm» deməyib.

Belədə direktor hədə-qorxu dilinə keçib, gerçəkləri redaksiyamıza ötürən şəxslərin ünvanına sərt fikirlər səsləndirib, onları bir gün mütləq tapacağını söyləyib.

Direktor iclas əhlinə müvafiq tapşırıqlar verib. Akademiyada işləyənlərdən klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin lehinə mətbuata açıqlamalar vermələri istənilib.

Tapşırılıb ki, burada əməkhaqlarının 12 aydan 10-ya salınmağı barədə rəhbərliyin qərarı mediaya etiraf edilməsin, müvafiq sual olduqda isə əksi söylənsin.

Son vaxtlar «Turan Tovuz»dan redaksiyamıza çoxsaylı şikayətlər daxil olmaqdadır. Onlar klub rəhbərliyinin akademiyada çalışan mütəxəssislər arasında ayrı-seçkilik hallarına yol verdiyini bildiriblər.

Narazı şəxslər deyir ki, uşaq futbolunda işləyənlərə yaxınlaradək mükafat ödənilsə də, artıq bu pul verilmir:

«Əsas komandanın qələbə qazandığı hər oyundan sonra 50 manat alırdıq. Demişdilər ki, bu, akademiyada işləyənləri həvəsləndirmək məqsədi daşıyır.

Söz vermişdilər ki, mövsümün axırınadək belə olacaq. Dediklərini indi eləmirlər.

Əlli manat nədir, onu daha vermirlər. Gündə əlli yerə pul xərcləyirlər, bizə çatanda isə ayrı-seçkilik edirlər.

Kim gözlərinə yaxşı dəymirsə, onun pulunu kəsirlər. Əlli manat Ehtiram Quliyev üçün heç nədir.

Ancaq rəhbərin adından xəbər çatdırıblar ki, o, artıq qənaət rejiminə keçib. Deyirlər ki, bu pul daha hər adama verilməməlidir.

Ona-buna olar, əcnəbilərə olar, bizə gələndə olmaz? Bəs harada qaldı Ehtiram müəllimin ədaləti..?».

«Bizə deyiblər ki, kim bununla razı deyilsə, ərizəsini yazıb çıxıb gedə bilər».

Daha əvvəl redaksiyamızla əlaqə saxlayan «Turan Tovuz»un məşqçilərindən biri bəzi açıqlamalar verib.

Akademiyada çalışan mütəxəssis bildirib ki, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev son vaxtlar uşaq futboluna diqqəti kəskin şəkildə azaldıb.

Şikayətçi qeyd edib ki, iş adamı öncəki ilyarımdan fərqli olaraq, indi yalnız əsas komandayla maraqlanır, akademiya isə kimsəsiz uşaq kimi bir kənara atılıb.

Belə ki, akademiyada işləyən mütəxəssislər bundan sonra ilboyu əməkhaqqı almayacaq. 12 aylıq maaş cədvəli 10 aya endirilib.

Halbuki Nadir Nəbiyevin «Turan»da çalışdığı müddətdə belə bir problem yox idi.

Məhz onun təkidi ilə Ehtiram Quliyev 12 aylıq maaş sisteminin icrasına razılıq vermişdi. Nəbiyevin klubdan ayrılmasından sonra sədr akademiyanın kasıb günlərə qaytarıb:

«İndi burada məşqçilərlə kobud dillə danışırlar. Tovuzda hamı danışır ki, Ehtiram Quliyev «Qarabağ»la oyuna görə 100 min manat mükafat verib.

Biz isə 5-10 manatın ümidinə qalmışıq. Kimə şikayət edəcəyimizi bilmirik.

Nadir Nəbiyevin vaxtında belə deyildi. Başqa klublardakı kimi, «Turan»da da 12 ay maaş verilirdi.

Nəbiyev direktor vəzifəsindən gedəndə, demişdilər ki, heç kim narahat olmasın, vəziyyət bundan sonra daha yaxşı olacaq. Bir də eşitdik ki, bizə 2 ay maaş verilməyəcək.

Əsas komandaya o qədər mükafat verirlər, amma akademiyaya geyim almırlar. Deyirlər ki, aşağı yaş qruplarına iki-üç ildən bir forma alınacaq.

Komandalarımız səfərə çıxır, nə su var, nə həkim. Başqa yerə gedəndə bir çox hallarda yemək də olmur.

Buterbrodla oyuna çıxır uşaqlar. Bir banan nədir, onu da tapmırıq.

Nadir Nəbiyevin yerinə gətirilən Eltay Aslanova deyirik, bizə cavab verir ki, gözləyin, düzələcək.

Mən bunu başa düşdüm, bəs uşağa necə izah edim ki, sən ac qal, köhnə paltarda qal, amma çıx, nəticə ver. Çünki akademiyanın yeni baş koordinatoru Ülfət Mədətov məşqçilərdən nəticə istəyir

Ehtiram müəllimin qəbuluna düşmək olmur. Ona yaxın getməyə, problemlərimizi deməyə qoymurlar».

P.S. Biz artıq «Turan»dan gələn şikayət dolu mesajların sayını itirmişik. Tovuzlu azarkeşlər də klub daxilində yaşananan gərginlikdən narahatdır.

Dəfələrlə bizə müraciət ünvanlayıblar ki, «Turan» rəsmilərinin mövqeyi ilə onları tanış edək. Açığı, çoxsaylı cəhdlər göstərmişik.

Əfsuslar olsun ki, klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov verdiyi vədi hər dəfə yaddan çıxarır.

«Açıqlama olacaq» sözünü ondan azı 10 dəfə eşitmişik. Nə edək, dəyərli funksioner hələ 1 kərə vədi yerinə yetirməyib.

Görünür, Ehtiram Quliyev və ya digər üst mənsublar Nəsibovun əsl həqiqəti bizə söyləməsinə icazə vermirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti