COP29

Bir nəfərin iradəsinə əsir olan Azərbaycan klubu

13 İyun 19:00 Turan 2 436
Bir nəfərin iradəsinə əsir olan Azərbaycan klubu

2023/24 mövsümünün başa çatması Tovuzdan gələn şok xəbərlə üst-üstə düşdü.

Klub baş məşqçi Ayxan Abbasovla yolların ayrılmasına qərar verdi.

Daha dəqiqi klubun rəhbəri Ehtiram Quliyev şəxsən bu addımı atdı.

Və heç nə olmayıbmış kimi sakitcə çəkilib kənarda durdu. Görünür, izah verməyə bəhanə belə yox imiş.

Bölgə klubunda 1 həftəlik sükut yerini transfer xəbərlərinə verdi.

Klub qısa müddətdə 8 futbolçu ilə yeni anlaşma imzaladığını açıqladı.

Siyahıda olanların hamısı Ayxan Abbasovun bu komandaya gətirdiyi oyunçulardır.

Təcrübəli mütəxəssis onlara görə yerli publika tərəfindən az tənqid olunmamışdı.

Amma nədənsə bu gün klubda qalmaları böyük təmtəraqlı qarşılanır.

Hələ siyahı bir xeyli uzanacaq.

Qəribəsi odur ki, 10-yaxın futbolçu ilə əməkdaşlıq müqavilələri imzalansa da yeni baş məşqçi hələ də təyin olunmamışdı.

Bəs bu futbolçuların qalmasına kim qərar verirdi?

Təbii ki, birbaşa olaraq Ehtiram bəy.

Öz iradəsi ilə Abbasovu klubdan göndərən adam.

Biz ölkə futbolunda məşqçinin işinə qarışan, heyətə müdaxilə edən, tapşırıqla kluba futbolçu götürən rəhbərlər çox görmüşük.

İndi də az deyil.

Ümumiyyətlə, ən böyük bəlamızdır. Ki, rəhbər şəxs pul xərcləyirsə, öz sözünün keçməsini də tələb edir.

Futbolun reallıqları qalır bir kənarda, pulu olan rəhbərin eqosu önə çıxır. İllərdi bu cür yanlış yanaşmanın əziyyətini məşqçilər, futbolçular az çəkməyib.

Həvəskar yanaşma peşəkar statusun önünə keçir.

Ehtiram bəy qısa müddətdə özü barədə müsbət fikirlər formalaşdıra bilmişdi. Neqativ əməllərdən uzaq rəhbər kimi özünü tanıtdıra bilmişdi.

Deyəsən, arxada qalan müddətdə futbolumuz onu da dəyişdi.

Bəzi həmkarları kimi o da şəxsi istəkləri ilə klub idarə etmək yolunu seçib.

"Turan"la öz şəxsi əmlakı kimi davranır. Bəli, onun sahib olduğu şirkət kluba sponsorluq edir. Amma bölgə klubunun dövlətin ayırdığı 3 milyon manatlıq dotasiyadan asılılığı da az deyil. Artıq yerli publikadan da bu cür yanaşmaya etiraz səsləri eşitməkdəyik.

Klub ətrafında 3 həftəyə yaxındır qarışıq durum var.

Məşqçi göndərilir, heyət yığılır. Bir çox başqa qərarlar verilir.

Amma klubun idarə heyəti bir dəfə olsun yığışıb müzakirələr aparmmayıb. Halbuki bütün qərarlar məhz həmin şəxslərin cəm olduğu masada verilməlidir.

Əvəzində Quliyev birbaşa kimin gedib, kimin qalmasına qərar verir. Ən yaxşı halda kluba aidiyyatı olmayan dostların məsləhətləşməsilə.

Bəlkə də məşqçi təyinatı buna görə gecikirdi.

Axı gələcək yeni çalışdırıcı rəhbər şəxsin formalaşdırdığı heyətlə oynamağa razı olmalıdır.

Hər məşqçi də bu tələblə üz-üzə qalmaq istəməz.

Amma "Rubin"in əfsanəsi Kurban Berdiyev buna razılaşdı.

Klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovun mətbuata açıqlaması belə düşünməyə əsas verir.

Sitat: "İdarə heyətinin sədri Ehtiram Quliyevin tələbləri Berdiyevə çatdırılıb və o da bununla razılaşıb. Ötən mövsümkü heyəti qoruyub-saxladıq. Və bu heyətə də Kurban Berdiyevin hər hansı iradı yoxdur".

Qısası, sabiq baş məşqçini heç bir səbəb olmadan, şəxsi istəkləri fonunda klubdan göndərən Ehtiram Quliyev bundan sonrakı dönəmdə daha sərbəst formada "Turan"ı öz istəkləri ilə idarə etməyə davam edə bilər. Təbii ki, 71 yaşlı rusiyalı mütəxəssisin əli ilə...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti