Ayxan Abbasovun “Turan Tovuz”dan ayrılması səmada şimşək effekti verdi.
Təcrübəli mütəxəssis ötən yay klubla 3 illik müqavilə bağlamışdı və geridə qalan müddətdə sponsor adam Ehtiram Quliyev az qala hər açıqlamasında baş məşqçinin haqqında müsbət fikirlər səsləndirmişdi.
Şübhəsiz, ulduzlar hansısa məqamda barışmayıb. Əks halda ya Abbasov göndərilməsinin səbəbini bilər, ya da ictimaiyyətə geniş məlumat verilərdi. Baş məşqçi verdiyi müsahibələrdə yolların ayrılmasının əsl səbəbini bilmədiyini açıq şəkildə ifadə edib.
Hər kəsin başında böyük sual işarəsi yaradan məsəyə aydınlıq gətirmək üçün yeganə çıxış yolu Ehtiram bəylə danışmaqdır.
Yalnız bu şəxs sürpriz qərarın arxasında hansı mətləblərin dayandığını çəkinmədən və doğru şəkildə deyə bilər. Axı, qərar məhz ona məxsusdur.
Mətbuat nümayəndələri ilə ünsiyyətdən qaçmayan, bu günə qədər bütün bayram təbriklərimə səmimi formada cavab mesajı yazan Quliyevlə bu mövzu ətrafında danışa biləcəyimi düşünərək ona üç sualdan ibarət sorğu göndərdim.
Ehtiram bəy sorğu ilə tanış oldu və... Təəəssüf ki, əvvəlki sayğını göstərib cavab yazmadı.
Ən azından yüngül şəkildə izah vermək, hansısa formada fikirlərini ictimaiyyətə çatdıra bilərdi. Gərək duymadısa, canı sağ olsun.
Onsuz da, gec-tez bu sualın əsl cavabına aydınlıq gətirəcək.
HƏBİB / SPORTİNFO.AZ

