"Turan Tovuz"dan ayrılıq xəbərləri gəlməkdə davam edir.
Tərlan Əhmədlinin "Araz Naxçıvan"a, Aydın Bayramovun "Zirə"yə gedişi, Şəhriyar Əliyevin isə yolüstündə olması barədə məlumat vermişdik.
Bu dəfə isə kapitan "gəmi"ni tərk edib.
Söhbət komandanın yeganə tovuzlu oyunçusu Kamal Bayramovdan gedir.
Rəsmilər futbolçular arasında böyük nüfuzu olan qolkiperin hələ də düşərgədə qalmasında maraqlı olsa da, Bayramov ayrılmaq qərarı verib.
Maraq üçün bildirək ki, 38 yaşlı qapıçı 9 ildən sonra Premyer Liqaya qayıdan Qərb təmsilçisinin ilk transferi kimi yadda qalmışdı.
O, 2022-ci ilin yayında "Turan Tovuz" üçün "Keşlə" (indiki "Şamaxı") ilə bağladığı iki illik yeni anlaşmasından imtina edərək daha az maaşa doğma rayonun komandasını seçmişdi.
Kamal Bayramov karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran", AZAL, "Muğan", "Zirə", "Səbail", "Araz Naxçıvan" və "Keşlə" (indiki "Şamaxı") klublarının şərəfini qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ

