Bir klub sahibi belə böyük səhvi necə edə bilərdi?

30 May 2024 10:40 Turan 3 002
Bir klub sahibi belə böyük səhvi necə edə bilərdi?

«Turan Tovuz»da çox qəribə hadisələr baş verməkdədir.

Ehtiram Quliyevdən baş açmaq olmur - İdarə Heyətinin sədri ilyarım müddətdə hər açıqlamasında «arxasındayam» dediyi Ayxan Abbasovdan bir gecənin içində imtina elədi.

Bir gecənin içindəmi? İnanmavq istəyirsən, inana bilmirsən.

Güman ki, yan təsirlərin nəticəsində o, belə bir addım atdı. Səhv elədiyini bilə-bilə.

Əlbəttə, bu, səhv qərardır.

Əgər Quliyev etdiyi hərəkətin yanlış olduğunu başından bəri bilməyibsə, mən onun biznesmen bacarığına, adam tanımaq fərasətinə şübhə etməyə özümdə bir xeyli səbəb tapıram.

Ayxan Abbasov «Turan»ın yaraşığı idi. O günlərdə ki burada çalışmağa razılıq vermişdi, hər məşqçi açıq riskə getməzdi.

Klub 20-21 aydır yeni sponsoruna qovuşub, hələ də aşağı yaş qruplarını həkimlə, su qablarıyla təmin edə bilməyib, görün, 2022-ci ilin yayında vəziyyət necə bərbad, dəhşətli olub.

Uzun illərdən sonra Premyer Liqaya qayıtmış «Turan»ı bu səviyyədə formalaşdırmaq üçün 2-3 ay öz cibinin pulunu xərcləmiş, futbolçuların irili-xırdalı ehtiyaclarını qarşılamış, başqa sözlə, kluba doğması kimi yanaşmış, «uf» demədən bütün çətinliklərin öhdəsindən gəlmiş məşqçiyə indi belə bir münasibət göstərmək…

Allah götürməz bunu!

Rəsmi açıqlamada «müqavilə qarşılıqlı razılıq əsasında pozulub» yazılıb. Yalandır! Ayxan Abbasov birtərəfli qaydada vəzifədən göndərilib.

«Kəpəz»dən sonra ən aşağı büdcəylə «Turan»ı Premyer Liqada 6-cı yerə çıxarmış, son turlara kimi avrokuboklara vəsiqə ümidini saxlamış mütəxəssislə yolların bu formada ayrılması qətiyyən peşəkar idarəçilik modelinə uyğun gəlmir.

Böyük ehtimalla, bu izdivacın pozulmasında futboldankənar amillər əsas rol oynayıb. Gec-tez üzə çıxacaq və mənə maraqlıdır, onda hörmətli Ehtiram Quliyev çıxıb nə cavab verəcək.

O dəqiqdir ki, Ayxan Abbasov klubun pulunu yeməyib. Kluba öz cibinin pulunu xərcləyib.

O dəqiqdir ki, Ayxan Abbasov futbolçuların müqavilə haqqından «otkat» götürməyib. Yeri gələndə, onların şəxsi problemlərinin həllinə maddi cəhətdən dəstək olub.

O dəqiqdir ki, Ayxan Abbasov «qumarbaz» deyil. bir çox həmkarlarından fərqli olaraq, adı heç vaxt bu kimi neqativ olaylarda hallanmayıb.

Bunca üstünlüyü olan, ismini, imicini qorumağın üstündə əsim-əsim əsən baş məşqçiyə bu cür yanaşma böyük qəbahətdir. Ehtiram Quliyev bunun acısını, altını çəkəcək. Yenə də «geci-tezi var» söhbəti.

İki gündür mediada, sosial şəbəkələrdə məlum ayrılığa, onun motivinə dair çoxsaylı xəbərlər yayılıb. O qədər şeylər iddia olunur ki..!

Nə sayı var, nə hesabı. İddialar sərhəd tanımır, mən isə sadəcə, bir söz deyə bilərəm - bunların heç birinin həqiqətlə yaxından-uzaqdan əlaqəsi yoxdur, şayiədir, dezdir.

Gerçək səbəb başqadır, tam başqa…

O da açıqlansa, Ehtiram Quliyevə münasibətin 180 dərəcə dəyişəcəyindən narahatam.

Çün gördüyüm qədərilə istər media, istərsə də ictimaiyyət tərəfindən bu iş adamının şəxsinə böyük hörmət var.

Futbol sferasına ayaq basandan bəri geniş auditoriyaya özünü tanıtdıran və sevdirən Quliyev gərək şəxsi istəklərini bir kənara qoyardı indi də.

Heç olmasa, «Turan»a xatir…

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti