Bəhanəyə yer qoymadı

21 Aprel 22:55 Turan 541
Bəhanəyə yer qoymadı

Premyer Liqa matçını iş günü, günorta saatlarına təyin etmək azarkeşlərin qarşılaşmalara gəlməsinin önünü kəsir.

Bu məzmunda narazılıqları Premyer Liqa klublarının azarkeşlərindən tez-tez eşidirik.

Daha çox isə "Turan Tovuz" camiəsindən.

Premyer Liqanın 31-ci turunun "Sumqayıt"la matçının həftənin 5-ci gününə təyin olunmasından sonra da oxşar giley-güzar eşitməkdə idik. Amma boşuna imiş...

Hər halda gördüklərim eşitdiklərimizə tərs gəldi.

Bəndəniz oyun günü Tovuza çatanda saat 15:29-u göstərirdi.

Deməli, start fitinə hələ 1 saat var.

Amma bu saatlardan belə tribunada yerini alanlar, bilet almaq üçün kassada növbəyə duranlar diqqətdən qaçmırdı.

Həftəiçi olmasına baxmayaraq, oyuna böyük maraq olduğu artıq Tovuz şəhər stadionuna atdığımız ilk addımlardan hiss olunurdu.

Zaman daralır, komandalar meydana çıxmağa hazırlaşır və bu məqamda giriş qapılarında yaranan sıxlıq gözdən qaçmır.

Əslində fanatlar erkən saatda oyun üçün stadionun yolunu tutsalar da, giriş qapılarında qarşılaşdıqları süni manelər ucubatından yerlərinə bir qədər gecikməli oldular.

Giriş qapısındakı böyük darvazanın 4 qapısından yalnız birinin açıq olması tərəfdarların ciddi narazılığı ilə qarşılansa da heç bir nəticəsi olmadı. Proses eynilə sona kimi davam etdirildi.

Süni şəkildə çətinləşdirilən bu mərhələni arxada qoyan azarkeş vaxt itirmədən yerinə tələsirdi.

Hər kəs yanındakına "Tələsək, yer qalmayacaq" - xəbərdarlığını edib, hərkətini sürətləndirirdi.

Bəli, həftəiçi, iş saatı olmasına baxmayaraq, Tovuz şəhər stadionunda keçirilən matçı izləmək üçün yerlərin tükənmək ehtimalı belə vardı.

Düzdü, sonda aydın oldu ki, tükənmədi, lakin boş yer də çox deyildi.

Əbəs deyil ki, oyunun protokolunda qarşılaşmanı izləyənlərin sayı 4000 nəfər göstərilib.

Hətta əksər vaxt bu sayda adam heç bazar günləri olan matçlara belə gəlmir.

Deməli, azarkeşin az, ya da çox gəlməsinin günlə, saatla, su və ya işıqla yox, birbaşa matçın hansı status daşıması ilə əlaqəsi var. Hə, bir də rəqibin "Qarabağ" olub-olmaması.

Tovuzluların timsalında bütün klubların azarkeşlərinə oyunun statusundan, rəqibin kimliyindən asılı olmayaraq komandalarını dəstəkləməyi arzulayıram.

Bir də bəhanələrdən qaçmağı...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti