“Bizi “yandırırdı” – Bölgə təmsilçisi statusunu necə dəyişdi?

11 Aprel 21:20 Turan 421
“Bizi “yandırırdı” – Bölgə təmsilçisi statusunu necə dəyişdi?

“Turan Tovuz” cari mövsümdə doğma meydanda qazandığı nəticələrlə adından söz etdirməkdədir.

Bölgə təmsilçisi topladığı 39 xalın 25-ni məhz Tovuz şəhər stadionunda yığıb ki, bu, “Qarabağ”dan sonra ikinci ən yaxşı nəticədir.

Halbuki, ötən mövsüm tam fərqli mənzərəyə şahidlik etmişdik. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv öz azarkeşlərinin qarşısında qələbə qazanmaqda çətinlik çəkir, səfər komandası kimi tanınırdı.

Nə dəyişdi? Səfər komandası birdən-birə ev komandası statusuna necə yiyələndi?

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Sportinfo.az-a açıqlamasında məlum mövzu ilə bağlı sualı cavablandırıb:

“Ötən mövsüm uzun fasilədən sonra Premyer Liqada ilk ilimiz idi deyə, komandada hədsiz gərginlik var idi.

Gənc futbolçularımız, legionerlərimiz var idi ki, Tovuzda azarkeşlərin qarşısında oynayanda həyəcanlanırdılar.

Bəzən də hədsiz istəkli olmağımız bizi “yandırırdı”. Bu il təcrübəmiz artıb, ona görə də rahatıq.

Bilirik ki, oyunun əvvəlində təhlükəli vəziyyətlər yaratsaq, ya da qol vursaq, azarkeşlərimiz 90 dəqiqə susmayacaq. Azarkeşlərdən aldığımız dəstək bu mənada böyük rol oynayır”.

Qərb təmsilçisi ötən mövsüm Tovuzda keçirdiyi 18 oyunda cəmi 16 xal toplamışdı.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti