“Qarabağ”ın ağırlığına hazır deyildilər... FOTO+FAKT

21 Mart 18:35 Turan 523
“Qarabağ”ın ağırlığına hazır deyildilər... FOTO+FAKT

Bazar günü Tovuzda əsl futbol bayramı idi.

“Qarabağ”ın bölgəyə səfər etdiyini eşidən yerli camaat və ətraf rayon-şəhərlərdən gələn futbolsevərlər Tovuz şəhər stadionunu tam doldurmuşdu.

Hətta sektorlararası pilləkənlər belə azarkeşlər tərəfindən zəbt olunmuşdu.

Sözsüz, Azərbaycan futbolunda bu cür mənzəyə şahidlik etmək adama zövq verir. Amma bir şərtlə, təşkilatçılar öz işini lazımınca görməlidir ki, narazılıq və problem yaranmasın.

“Turan Tovuz” – “Qarabağ” matçında stadionun jurnalistlər üçün ayrılmış sektoru iki hissəyə bölünmüşdü. Qələm əhlinin yarısı əyləşmiş, bir qismi ayaqüstə qalmışdı. Bizim üçün nəzərdə tutulmuş paralel hissədə isə sıravi azarkeşlər yerini bərkitmişdi.

Sanki belə də olmalıymış kimi özünə yer edən insanlar heç nədən narahat deyildi. Hətta ayaqüstə qaldığımızın fərqinə varandan sonra belə, heç nə dəyişmədi. Çünki nəzarət dərəcəsi sıfır idi.

Media sektoruna nəzarət etməli olan klub rəsmi(ləri)si media lojanın giriş qapısı önünə polis və ya mühafizəçi təyin etməli olduğu halda, buna gərək duyulmamışdı. Ən pis halda özü və ya özləri nəzarət edə bilərdi ki, bunu da lazımsız hesab etmişdilər.

Nəticədə bilgisayar qarşısında oturub yazı hazırlamağım mümkünsüzə çevrildi. Otursaydım, üç tərəfdən azarkeşlərlə əhatə olunacaqdım və fikirlərimi rahat formada qələmə almaq heçə enəcəkdi.

Heç bir jurnalist Bakıdan Tovuza kefindən getmir. Peşə borcumuzdur və orada olmağımız təbliğat baxımından yerli klubun işinə yarayır. Biz borcumuzu yerinə yetirdiyimiz kimi, müvafiq şəxslər də zəhmət çəkib lazım olanı etməlidir.

Oyun başa çatandan sonra “Turan Tovuz”un futbolçularının miks-zonaya gəlib açıqlama-müsahibə vermək əvəzinə arxa qapıdan uzaqlaşmaları və kimsənin onları jurnalistlərlə müsahibəyə dəvət etməməsi da media nümayəndələrinə hörmətsizliyin başqa forması idi.

Sıradan oyunlarda istər media sektorda, istərsə də miks-zonada özümüzə gün ağlamağı bacarırıq. Sizin köməyiniz belə məqamlarda lazımdır, bəylər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!