"Bəzən çətinliklə üzləşirəm" - Hər şeyi “Sportinfo”ya danışdı

6 Mart 23:40 Turan 396
"Bəzən çətinliklə üzləşirəm" - Hər şeyi “Sportinfo”ya danışdı

“Turan Tovuz”un cari mövsümdə inamlı təsir bağışlamasında Alexandro Serrano xüsusi pay sahibidir.

29 yaşlı ispan qol və məhsuldar ötürmələrdə fəallığı ilə diqqət çəkməsə də, yarımmüdafiə xəttində komandanın “döyünən” ürəyi hesab olunur.

Premyer Liqanın 25 matçının hamısında iştirak edən “dirijor”la müsahibəni çoxdan planlaşdırmışdım. Söhbətimiz “Zirə” ilə matçdan sonraya təsadüf etdi.

- Azlıqda qalan “Zirə”ni məğlub etmək üçün nə çatmadı?

- İkinci qolu vurub qələbə qazanmaq üçün hər şey etdik. Sadəcə, ələ düşən imkanlardan yararlana bilmədik. Bu yerdə rəqibin də müdafiədə etibarlı oynadığını deməliyəm. Son dəqiqələrdə böyük qüvvə ilə geri çəkilib 1:1-i qoruyurdular.

- “Qarabağ”ın çempion olacağına şübhə yoxdur, “Kəpəz”lə “Qəbələ” elitada qalmaq uğrunda mübarizə aparır. Yerdə qalan 7 komandanın məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. Mövsümün sonunu “Turan Tovuz” üçün necə təsəvvür edirsən?

- Bu dəqiqə hər xalın böyük dəyəri var. Məsələn, “Zirə”ni udsaydıq, xal sayımız 32 yox, 34 olacaqdı və üst pillələrdəki rəqiblərə daha çox yaxınlaşacaqdıq. Məqsədimiz sona qədər mübarizə aparmaqdır. “Qarabağ”ı çıxsaq, digər komandalar səviyyəcə bir-birinə çox yaxındır. Kim daha az səhv edəcəksə, eyni zamanda şanslardan maksimum yararlanacaqsa, yekunda sevinəcək. Onu deyə bilərəm ki, çox ağır dönəmə qədəm qoyuruq. Son dərəcə diqqətli olmalıyıq.

- İspaniya, Polşa, Bolqarıstan kimi ölkələrdə top qovmusan. Azərbaycan çempionatı haqda fikirlərini eşitmək maraqlıdır.

- Hər ölkənin çempionatının özünə görə səviyyəsi, futbol mədəniyyəti və üstünlükləri var. Azərbaycanda ən çox xoşuma gələn cəhət klubların səviyyəli legionerləri cəlb etməsidir. Premyer Liqada çox güclü əcnəbilər cəmlənib. Onlarla yanaşı, bacarıqlı yerli futbolçular da var. Azərbaycanlı oyunçular legionerlərdən yeni nələrsə öyrənməklə “artırır”. Çempionatın səviyyəsi isə göz qabağındadır. Turnir cədvəlindəki vəziyyətə baxmaq kifayət edir.

- Çempionata, “Turan Tovuz”a uyğunlaşmaq çətin olmadı ki?

- Elə də çətin olmadı. Ancaq etiraf edim ki, bəzən çətinliklə üzləşirəm.

- Nə mənada?

- Topla oynamağı sevən futbolçuyam. Bəzən rəqib yarımmüdafiəçilər və müdafiəçilər dayanmadan pressinq etməklə top saxlamağa, ötürmə etməyə, ümumiyyətlə, meydanda hərəkət etməyə imkan vermirlər. Məcbur olub boş zonalar axtarıram. Belədə, faydalılıq əmsalım azalır.

- Azərbaycanda özünü necə hiss edirsən?

- Çox yaxşı, hətta əla deyərdim. Bakıda yaşayıram, oyundan-oyuna Tovuza gedib-qayıdırıq. Hər iki şəhərin dadını çıxarmağa çalışıram. Bakı paytaxt olaraq cəlbedicidirsə, Tovuzun təbiətini, insanlarını, azarkeşlərin bizə olan diqqət və sevgisini bəyənirəm. Mövsümün sonunda onları sevindirə bilsək, ürəyimcə olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!