“Bunu bacarsaq, əla olar” – Bölgə klubunun “11 nömrə”sinin arzusu

2 Mart 16:40 Turan 301
“Bunu bacarsaq, əla olar” – Bölgə klubunun “11 nömrə”sinin arzusu

Zaman azaldıqca avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə qızışır.

24 turdan sonra turnir cədvəlinə nəzər salanda, vəziyyətin kritik olduğunu görməmək mümkün deyil.

“Qarabağ” növbəti çempionluğu böyük ölçüdə həll edib. “Kəpəz”lə “Qəbələ” isə Premyer Liqada qalmaq üçün döyüşür.

Yerdə qalan 7 komanda gözünü Avropa Konfrans Liqasına vəsiqə verən 2 yerə dikib. “Qarabağ” ölkə kubokunu da qazanacağı halda, çempionatın vəsiqə sayı 3-ə yüksələcək.

Qış fasiləsindən sonra kifayət qədər inamlı təsir bağışlayan “Turan Tovuz”un iddialılardan biri olması mübarizəyə rəng qatıb. Baş məşqçi Ayxan Abbasov mövsümün əvvəlində məqsədlərinin elitada qalmaq olduğunu deyirdisə, indiki vəziyyət fərqlidir.

Bölgə təmsilçisinin əsas heyət üzvlərindən olan Ayxan Hüseynov Sportinfo.az-a açıqlamasında arzularını dilə gətirib:

“Hər bir futbolçunun arzuları olur. Titul və ya medal əldə etmək, avrokuboklara vəsiqə qazanmaq, orada oynamaq.

Ancaq bunu reallaşdırmaq heç də asan deyil. Mövsümü mükafatçı yerlərdən birində bitirmək üçün daha çox çalışmalıyıq, qələbələrin davamını gətirməliyik.

Bizi bu gün hər rəqiblə oyunda qələbə qazanmaq maraqlandırır. Sırf avrokuboklara köklənməmişik.

Çempionatda mübarizə aparan komandaların hamısı avrokuboklara vəsiqə qazanmaq istəyir. Bunu bacarsaq, əla olar”.

“Turan Tovuz” 24 turdan sonra topladığı 31 xalla “Sabah” və “Araz-Naxçıvan”la 6-8-ci yerləri bölüşür.

Ayxan Hüseynov cari mövsümdə Premyer Liqada və Azərbaycan kubokunda meydana çıxdığı 26 qarşılaşmada 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti