Bu futbolçuları döymək lazımdır! - Bir çubuğu da olsaydı…

26 Fevral 14:40 Turan 693
Bu futbolçuları döymək lazımdır! - Bir çubuğu da olsaydı…

Azərbaycanda «Neftçi»yə qalib gəlməyin yollarını bilənlərdən biri də Ayxan Abbasovdur.

«Zrə» və «Sumqayıt»la bunu isbatlayıb. İndi də «Turan Tovuz»la qaldığı yerdən yoluna davam edir.

Son vaxtlar onun özü formadadır. Texniki zonada drijor necə olmalıdır, bax, onu nümayiş etdirir.

Bircə çubuğu çatışmır. O çubuq da olsaydı, day nə varıydı ki…

Ayxan Abbasov oyun vaxtı oyundan kənarda qalmır. Meydandakılarla bərabər o həyacanı yaşayır.

«Turan»ın axır həftələrdə artan dinamikasını mən ən çox bu amillə əlaqələndirərdim. Əvvəl bir az süst idi, nədənsə narazı nəzərə çarpırdı, bir şeylər demək istəyirdi, deyə bilmirdi.

Bu narahatlıqların keçdiyi görünür və Abbasov bütün çatışmazlıqları aradan qaldırmağa müvəffəq olmuş biri kimi yenə işindən möhkəm, həvəslə yapışıb.

«Turan»ın Tovuzda ardıcıl beşinci qələbəni əldə etməsinə nə mane oldu, sözüm yoxdur. Fərid Nəbiyevlə bərabərlik qolunu vuran «Turan»ın «Neftçi»yə qalib gəlməsi Şəhriyar Əliyevdən asılı idi.

Kapitan yarım metrdən boş qapının torunu silkələyə bilmədisə, bunun adı bəxtsizlik deyil.

Müdafiəçinin tirə tuş gəlməsi qələbə istəyinin gücü idi. Şəhriyar topa ürəyini o qədər qoydu ki..,

Var gücüylə endirilən zərbənin səsi «Turan»ın canını hələ çox sızıldadacaq.

Ən azı mayın sonuna kimi. Axı avrobokulara namizədlər arasında özünə gizlicə yer edən «Turan» üçün indi hər xal qızıldan qiymətlidir.

Bayaq «çubuğu da olsaydı…» ifadəsini boş yerlə işlətmədim. Mən nə sehrli, nə də bəxt çubuğundan danışıram.

Ayxan Abbasovun çubuğu olsaydı, bu futbolçuları döyərdi, mən də bir söz deməzdim. Birinci də Şəhriyarın özünü.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti