Məşhur klub sponsorunun sevgilisini təsirli sözlərlə təbrik etməsi gündəm oldu

16 Fevral 16:40 Turan 670
Məşhur klub sponsorunun sevgilisini təsirli sözlərlə təbrik etməsi gündəm oldu

14 fevral kimlər üçün Sevgililər günü, kimlər üçün ad günü, ürəyi futbolla döyünənlər üçünsə “Turan”ın (indiki adı “Turan Tovuz”) doğum günüdür.

1992-ci ilin fevralında yaradılan klubun nə az, nə çox, 32 yaşı tamam oldu.

Klubun baş sponsoru “Huner Group” şirkətinin icraçı direktoru Ehtiram Quliyev 14 fevralı yadında Sevgililər günü kimi yox, məhz “Turan”ın ad günü kimi saxlayıb.

Futbol aşiqi olan sponsor şirkətin rəhbəri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək alqış qazanıb:

“14 fevral Sevgililər günü -Sevgilimə məktub!

Gözəllər içindən tək səni seçdim.

Qəlbimi mən sənə, tək sənə verdim.

Sevgilim bu gün 32 yaşında!

Düz 32 il öncə qışın bu oğlan çağında dünyaya gəlib o. Çox çətinliklər görüb: müharibə, itkilər, aclıq, səfalət.

Hələ uşaq ikən qazsız, işıqsız şəraitdə, yarı ac, yarı tox böyüyüb o. Odun peçinin tüstüsündə isinərək...

Bəzən ata-analı, bəzən yetim. Uşaqlıqdan çarəsizliyin nə olduğunu bilib o. Çarə axtarıb çarəsiz üzlərdə, əllərdə.

Bəzən çətinliklərdə yoğrulmuş 100 yaşlı qarının təmkini var üzündə.

Bəzən də uşaqlığını yaşamamış, ona doymamış,böyümək istəməyən körpə kimidir o.

Amma artıq əli əlimdə, gözü gözümdədir. Səhəri onunla açıb, gecə ən son onun xəyalıyla yatıram mən.Və bu xəyalla yaşayan tək mən deyiləm.

32 ildir onu böyümüş, inkişaf etmiş görmək çoxlarının arzusudur.Yay demədən,qış demədən onu izləməyə gələn hər kəsin sevdasıdır o”.

Maraq üçün bildirək ki, məhz “Huner Group”un “Turan Tovuz”a sponsorluq etməsindən sonra klub və komandada yüksəliş dövrü yaşanmağa başlayıb.

Ayxan Abbasovun sərəncamındakı futbolçuların sayı və səviyyəsi artıb. Stadionda tarixində ilk dəfə projektorlar quraşdırılıb, stadionda təmir-bərpa işləri görülüb, yeni akademiya binasının tikintisinə start verilib, aşağı yaş qruplarından ibarət komandaya diqqət və nəzarət gücləndirilib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti