Bir açıqlamasıyla hamının diqqətini çəkən şəxslə gündəmin SÖHBƏTİ

5 Fevral 16:40 Turan 549
Bir açıqlamasıyla hamının diqqətini çəkən şəxslə gündəmin SÖHBƏTİ

Premyer Liqa matçlarından sonra adətən mətbuat konfranslarına stabil qatıla bilmirəm.

Bu adətim daha çox “miks zona”da müsahibə etmək planımından irəli gəlir.

“Sabah” – “Turan Tovuz” qarşılaşmasından sonra zamanım olduğunu görüb, yollandım qonaqların çalışdırıcısı Ayxan Abbasov üçün təşkil olunan konfransa.

Açığı, 1:1 bərabərliklə başa çatan matçla bağlı çalışdırıcıya hər hansı sualım yox idi, sadəcə məqsədim konfransı izləməkdi.

Çünki təcrübəli mütəxəssis əksər vaxt mətbuat nümayəndərinin suallarına cavab verərəkən maraqlı mövzulara toxunur, faydalı fikirlər səsləndirir.

Bu dəfə də oxşar tendensiya yaşandı.

Ayxan Abbasov hakimlərlə bağlı danışarkən sonda qeyd etdi ki "Futbolumuzun inkişafını istəyirik. Bunun içində hakimlərin inkişafı da var".

Təcrübəli mütəxəssisin son iki cümləsindən yaranan sualım aşağıdakı dialoqla yekunlaşdı:

- Son günlər daha çox müzakirə olunan məsələlərdən biri də legioner limitinin artırılmasıdır. Yalnız "Turan Tovuz" prizmasından yox, həmin inkişafını istədiyimiz Azərbaycan futbolu prizmasında baxsaq legioner limitinin artırılması bizə nə kimi fayda(lar) verə bilər?
- Çox təəssüf. Bu gün futbolun inkişafından danışırıqsa, limit ən axırıncı yerdədir. Bu gün meydançalar yoxdur. Premyer Liqa klubları baza baxımından çətinlik çəkir. Yaxın 2-3 ildə daha çox baza sistemini düzəltmək lazımdır. 16-17 yaşlı uşaqlar meniski əməliyyata gedir. Klublar nəticə qazandı, nə olacaq? Futbolun inkişafını deməyək. Klublar deyir yerli oyunçular azdır. Böyük müzakirə olunası mövzudur. Hərənin bir fikri var. Mən heç vaxt bununla razılaşmamışam. Bu gün yerli futbolçular var, oynada bilərik. Oynatmalıyıq da. Gənclərin də yetişməsi üçün meydança lazımdır. Həmin meydança yoxdur. Klublar büdcəsindən bir az da meydançalara xərcləməlidir. Təəssüf ki, bəzi klublar bütün pulunu əsas komandaya xərcləyir. 2-3 ildən sonra isə yox olur. Nəisə etmək lazımdır. Biz bunu etmək istəyirik. Amma görürük ki, tələsirik. Nəticə tələb edirlər, suallar olur ki, niyə avrokuboklar üçün oynamırsız? Amma bu gün Tovuzda bir dənə meydança var. Bir istəyirik ki, orada 4-5 meydança olsun, baza böyüsün. Bunlar olmasa, qalan şeylər müvəqqətidir.

- Görünən odur ki, siz, rəhbərlik sabahı daha çox düşünürsüz. Bu cür təkliflərin verilməsi sizin gələcəyə yönələn planlarınıza təsir edə bilər?
- Yox. Biz klub olaraq tələsməyəcəyik. Transfer siyasətimizə baxın, böyük transferlər etməmişik. Edə bilərdik. Amma istəməmişəm. Bir il bir milyon qənaət edib, dediyimiz yerə xərcləyə bilərik. Və xərcləmək də istəyirik. Amma həmin pulu transferlərə də xərcləyə bilərdik. Məsələn, 70 minlik futbolçu yox, 120-150 minlik gətirərdim. Bizim yanaşmamız başqadır. Bununla yanaşı nəticə də istəyirik. Heç bir rəqibdən çəkinmirik, mübarizə aparırıq. Nə dərəcədə alınıb-alınmayacağı sonda bilinəcək. Bir milyon çox xərcləyib 6-cı pilləni tutmaqla bir milyon az xərcləyib 8-i tutmağın heç bir fərqi yoxdur. Amma ikinici halda 2 stadion qazana bilərik. Yeni baza tikmək istəyirik. Bunlar hamısı plandadır. Legioner limitinin 8+3 olması futbolun inkişafı deyil.

- Bildirdiniz ki, bizdə əksəriyyət nəticə üçün tələsir. Sizin tutduğunuz yol düzgün olduğu qədər həm də zaman və səbr tələb edir. Bu istiqamətdə futbol ictimaiyyətinin yetəri qədər dəstəyi var?
- Məncə, var. Futbolu bilən, futbolun gələcəyini fikirləşən bizi dəstəkləyir. Hər kəs deyir ki, baza sistemi olmalıdır. Amma bir-iki oyunda uduzanda deyirlər nəticə yoxdur. Bu baxımdan tələskənlik var. Azarkeş basqısı ola bilər, bölgədir. Biz də çalışırıq mütəmadi görüşlər edək, məqsədimizi başa salaq. İddialı yerlər üçün o qədər pul xərcləməmişik. Səbrli olmalıyıq. Bu yolu gedə bilsək bizim üçün super olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti