Kapitan braziliyalıları kölgədə qoydu, bombardirə göz açmağa macal vermədi

7 Fevral 17:00 Turan 456
Kapitan braziliyalıları kölgədə qoydu, bombardirə göz açmağa macal vermədi

“Turan Tovuz” qış fasiləsindən sonra ilk qələbəsini qazandı.

Doğma meydanda “Səbail”i qəbul edən qərb təmsilçisi inamlı qələbə ilə yadda qaldı.

Ayxan Quseynovun hesabı açdığı matçda Luis Paçu dubl etməsi ilə önə çıxdı.

71-ci dəqiqədə meydana çıxan Aleks Souzanın cəmi 15 dəqiqə sonra əla reyd sonrası verdiyi qol ötüməsini də xüsusi qeyd etmək olar.

Lakin qarşılaşmanın qəhrəmanı nə iki qol vuran Paçu, nə də debüt matçında yaxşı asistlə yadda qalan Souza yox, Şəhriyar Əliyev olduğunu demək lazımdır.

Bu mövsüm zədədən əziyyət çəkən kapitan iki turluq məcburi fasilədən sonra bu dəfə yenə meydanda idi.

Hakimin start fitindən həmən sonra aydın oldu ki, mərkəz müdafiəçisinin əsas işi rəqibin “vuran ayağı” hesab olunan Aleksandr Ramalinqom saxlamaq olacaq.

Madakasqarlı hücumçunu gözünən bir addım kənara buraxmayan Əliyev onun da göz açmasına aman vermədi.

Bütün ikili mübarizələrdə qalib gələn “4 nömrə” rəqib hücumçunun qapıya bir normal zərbə endirməsinə belə fürsət yaratmadı.

Təbii ki, “9 nömrə”nin əl-qolunu bağlayan həm də komandasının zədəli olan vingerlərinin yoxluğuydu. Cinahlardan heç bir dəstək görməyən əcnəbi forvardın fərdi ustalığını işə salmasına da məhz Şəhriyar imkan yaratmadı.

Vəziyyətdən hali olan qonaqların çalışdırıcısı Şahin Diniyev 62-ci dəqiqədə 7 qolla Bayıl təmsilçisinin bombardiri olan legioneri meydandan aldı.

O, mövsüm ərzində ilk dəfə belə erkən əvəzlənirdi.

73-cü dəqiqədə Paçu hesab arasındakı fərqi ikiyə qaldırandan 5 dəqiqə sonra Ayxan Abbasov Şəhriyar Əliyevi meydandan alaraq ona istirahət verməyi qərara aldı.

Elə “Səbail”in görüş ərzindəki qol imkanları da bundan sonra yarandı.

Kapitanın meydanı tərk etməsindən 3 dəqiqə sonra Buruna Qonçalvesin kobud səhvindən yararlanan Pedro Nuno fərqi birə endirdi.

Müdafiədə yaranan xaos yalnız Paçunun dubl etməsi ilə aradan getdi.

Sona kimi üstünlüyü əldə saxlayan Tovuz təmsilçisi vacib 3 xali hesabına əlavə edə bildi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti