“Ümumi götürsək, çempionatın ilk yarısını normal qiymətləndirirəm.
Əlbəttə, daha yaxşı ola bilərdi”.
“Turan Tovuz”un legioneri Belajdi Pusi Sportinfo.az-a açıqlamasında komandasının Premyer Liqanın cari mövsümündəki çıxışını qiymətləndirib.
Mövsümə inamlı başlayan bölgə təmsilçisi sonradan ardıcıl xal itkilərinə uğramaqla turnir cədvəlinin aşağı pillələrinə yuvarlandı.
Ayxan Abbasovun çalışdırdığı kollektiv 18 matçdan sonra topladığı 22 xalla “Sabah”la 7-8-ci pillələri bölüşür.
Albaniyalı futbolçu komandasının mövsümün ikinci yarısında daha yaxşısını etməyə qadir olduğunu gizlətməyib:
“Daha yaxşısını etmək bacarığımız var. Klubda və komandada möhtəşəm ab-hava hökm sürür.
“Araz-Naxçıvan”la oyunda baş verən hadisədən sonra rəhbərimiz (Ehtiram Quliyevi nəzərdə tutur – H.) Bakıya yollanmayıb bizimlə qaldı ki, görülən işlərlə yerində tanış olsun, oyunun qalan hissəsinə baxsın (işıq dirəyinin meydana aşmasını nəzərdə tutur – H.).
Deməyim odur ki, “Turan Tovuz”da ailə atmosferi hökm sürür.
Bundan gözəl nə ola bilər? Yenə deyirəm, imkanlarımız daha yaxşısını etməyə imkan verir.
Qış fasiləsindən maksimum yararlanmalıyıq ki, yeni ildə yersiz xal itkilərinə yol verməyək”.
Tovuzlu azarkeşlərin sevimlisi cari Premyer Liqa mövsümündə meydana çıxdığı 18 oyunda 3 qolla yadda qalıb.
HƏBİB

