"Turan Tovuz" qış fasiləsinə qələbə ilə yollandı.
18-ci turun "Araz Naxçıvan"la baş tutan və məlum səbəblərdən 2 günü əhatə edən matçda qərb təmsilçisi inamlı qalibiyyətlə yadda qaldı - 3:1.
Matçın qəhrəmanı isə şübhəsiz ki, Xəyal Nəcəfov oldu.
3 oyunluq fasilədən sonra əsas heyətə qayıdan "10 nömrə" baş məşqçinin ümidlərin artıqlaması ilə doğrultdu deyə bilərik.
Xəyal öncə matçda hesabı açdı, ardınca ikinci qolun ötürməsini verdi.
Üçüncü qolun təşkilində isə yaxından iştirak etdi.
Amma meydanda etdiklərindən çox onun vurduğu qoldan sonra baş məşqçi Ayxan Abbasovu qucaqlaması və tribunalara əli ilə onu işarə etməsi diqqət çəkdi.
Maraqlıdır, təcrübəli futbolçu bununla nə demək istəyirdi? Özünü dinləyək:
"Ayxan müəllimin üzərimdə əziyyəti çoxdur. Təkcə "Turan"dan olanda yox, elə "Sumqayıt"da oynadığım zaman da bunu hiss etmişəm.
Ona görə də qol sevincimi Ayxan Abbasovla birgə qeyd etdim. Və bunu hər kəsə göstərmək istədim".
XANOĞLAN / SPORTİNFO.AZ

