“11-lik”də yer almayan futbolçu baş məşqçidən ağızdolusu danışır

27 Dekabr 2023 23:40 Turan 1 021
“11-lik”də yer almayan futbolçu baş məşqçidən ağızdolusu danışır

“Bu, baş məşqçinin qərarıdır. Peşəkar futbolçuyam və baş məşqçinin qərarlarına hörmətlə yanaşıram”.

“Turan Tovuz”un hücumçusu Belajdi Pusi Sportinfo.az-a açıqlamasında əsas heyətdən kənar qalması ilə bağlı danışıb.

Bu ilin əvvəlində “Şkenderbü”nü qərb təmsilçisinə dəyişən 25 yaşlı albaniyalı futbolçu ötən mövsümün ikinci yarısında 18 oyunun 10-da əsas heyətdə yer almışdı.

Sərgilədiyi oyunla Pusinin cari mövsümdə “11-lik”də şans qazanacağına şübhə yox idi. Ehtimallar özünü doğrultu və “9 nömrə” çempionatın əvvəlində start heyətində möhkəmləndi.

Belajdi avqust-oktyabr ayları aralığındakı ilk 9 matçın 7-də ilk dəqiqələrdən meydanda olmaqla 3 qola imza atmağı bacardı.

Lakin sonradan nə baş verdisə, albaniyalı hücumçu-vinger ehtiyat oyunçular skamyasının “daimi sakini”nə çevrildi. Odur ki, ikinci dövrənin son 9 qarşılaşmasında cəmi 1 dəfə əsas heyətdə yer almaqla diqqət çəkib.

Pusi mövcud vəziyyətə görə qətiyyən narahat deyil. Baş məşqçi Ayxan Abbasovun qərarına hörmətlə yanaşdığı deyir, səbr etməyi üstün tutur:

“Çempionatın əvvəlində start heyətində yer alıb, sonradan ehtiyatda qalmışamsa, deməli, baş məşqçimizin bildiyi nəsə var. Bunu faciəyə çevirməyin tərəfdarı deyiləm.

Əsas odur, mənə inanır, şans verir. Ayxan müəllimlə münasibətim əladır.

Mənimlə mütəmadi söhbət edir, nələrisə başa salır. Ona görə də heç nədən narahat deyiləm.

Sabah necə olacağını bilmək olmaz. Bu səbəbdən də səbr etmək lazımdır”.

Tovuzlu azarkeşlərin sevimlisi olan Belajdi Pusi 2023-cü ildə “Turan Tovuz”un heyətində 40 oyunda 1753 dəqiqə şans qazanmaqla 5 qol vurub, 5 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti