Tovuz şəhər stadionunda baş vermiş hadisədən sonra klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev göstəriş verib.
Tapşırığa əsasən, arenadakı işıq dirəkləri ən qısa müddətdə yeni, daha dözümlü və təhlükəsiz dirəklərlə əvəzlənəcək.
Lakin bu, maddi planda komandanın planlarına təsir edəcək.
İş adamı Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:
“Hadisə kluba maddi planda öz təsirini göstərəcək. Məcburən stadiondakı işıq dirəklərinin hamısını yeniləyəcəyik.
Çempionatda yaranan bir aylıq fasilədən istifadə edərək problemi aradan qaldıracağıq.
Qış fasiləsində 3-4 transfer nəzərdə tutmuşduq. Bu hadisədən sonra ən azı bir transferi ləğv etməli olduq”.
Dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşünün 81-ci dəqiqəsində, hesab 2:1 meydan sahiblərinin xeyrinə olarkən güclü küləyə görə stadiondakı işıq dirəklərindən biri meydana aşıb.
Xoşbəxtlikdən xəsarət alan və insan tələfatı olmayıb.
Baş hakim oyunu yarımçıq dayandırıb, qalan dəqiqələr 1 gün sonra oynanılıb. Yekunda “Turan Tovuz” 3:1 hesablı qələbəyə sevinib.
HƏBİB

