“Oyuna əla başlamışdıq.
Hesabı açdıq, ikinci qolu vurmaq üçün bir neçə dəfə əlverişli şanslarımız oldu.
Vursaydıq, cütün taleyi həmin anda həll olunacaqdı”.
“Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev Sportinfo.az-a açıqlamasında komandasının “Zirə”yə məğlubiyyətini şərh edib.
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşmada tovuzlular 4-cü dəqiqədə hesabı açsalar da, meydan sahibləri 82 və 89-cu dəqiqələrdə vurulan qollarla növbəti mərhələyə adlamağın sevincini yaşadı.
Şəhriyar yenilginin əsas səbəbi kimi hakimlərin diqqətsizliyini və konsentrasiyanı itirmələrini göstərib:
“Rəqibin birinci qolunda hakimlər VAR-a baxdılar. Lakin yekunda bu cür qərar vermələri mənə çatmadı. Epizod düz gözlərimin qarşısında baş vermişdi.
Kamal Bayramov topu çıxarandan sonra “Zirə”nin futbolçusunun butslarının altı qapıçımızın bədənini cızmışdı. O məqama fikir verən olmadı.
Biz rəqibin cərimə meydançasında qapıçıya yüngül toxunan kimi cərimə zərbəsi təyin edirlər. Bir şeyi anlaya bilmirəm, VAR-a baxanlar necə baxırlar, nəyə baxırlar?
Hesab bərabərləşəndən sonra bir anlıq konsentrasiyanı əldən verdik. Sanki “yatdıq”, “ayıla” bilmədik.
Rəqib isə əksinə, həvəsləndi. Hardasa yorğunluq da var idi. Üç gündənbir oynamaq, bir həftə ərzində
Tovuzda süni örtükdə, sonra Bakıda təbii otda oynayıb, yenidən Tovuza qayıtmaq müəyyən çətinliklər yaradır”.
Ölkə kubokunda mübarizəni dayandıran qərb təmsilçisi dekabrın 23-də Premyer Liqanın 18-ci turu çərçivəsində doğma azarkeşləri önündə “Araz-Naxçıvan”la qarşılaşacaq.
HƏBİB

