"Turan Tovuz” Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Zirə” ilə qarşılaşdı.
Sonuncu dəfə 11-ci turda "Kəpəz”i 4:0 hesablı məğlub edən tovuzlular uzun fasilədən sonra bu dəfə "Zirə” üzərində minimalhesablı qələbəyə sevindi.
Amma bu, komandanın heç də yaxşı durumda olması anlamına gəlmir.
Mövsüm ərzində qeyri-sabitliyi ilə diqqət çəkən "Turan Tovuz” hazırda 19 xalla turnir cədvəlinin doqquzuncu pilləsində yer alıb.
Sportinfo.az xəbər verir ki, komandanın durumu ilə bağlı Fərid Nəbiyev qaynarinfo-ya açıqlama verib.
Son turda "Zirə” ilə oyunda əvəzetmədən meydana çıxdıqdan cəmi bir neçə dəqiqə sonra fərqlənən və qolu ilə "Turan Tovuz”a üç xal qazandıran hücumçu oyuna çox ciddi hazırlaşdıqlarını deyib:
"Hər iki komanda taktiki oyuna çox üstünlük verir. Gedişat onu göstərirdi ki, kim qol vursa, o da qələbəyə yaxın olacaq. Şükürlər olsun ki, bunu biz bacardıq və qələbə qazandıq”.
O, oyuna daxil olarkən qol vuracağını hiss etdiyini bildirib:
"Oyuna daxil olanda hiss edirdim ki, qol vuracağam. Bir qola ehtiyac vardı. Düşünürdüm ki, bunu bacara bilərəm. Məşqçi də tapşırmışdı ki, oyunu öz üzərimə götürüm. Bu məndə yaxşı alındı. Start heyətdə başlamamağım sırf məşqçinin qərarı idi. Komandada oyunçu çoxdur, hamıya şans verilir”.
Hücumçu hələ ki, tam istədikləri yerdə olmadıqlarını da deyib:
"Hələ tam istədiyimiz yerdə deyilik. Yaxşı oyunlarımız da olur. Qol vururq, sadəcə ani diqqətsizliklər üzündən qapımızda top görürük. Bu, sonda xal itirməyimizə gətirib çıxarır. "Qəbələ” ilə oyunu çıxmaq şərtilə, düşünümürəm ki, hansısa rəqibdən zəif çıxış etmişik. "Neftçi” və ya evdə oynadığımız digər matçlar olsun, hamısında xal qazana bilərdik. Xal itirməyimizə, diqqətsizlikdən qollar buraxmağımıza baxmayaraq, ruhdan düşmürük. Daha yuxarı pillələrə qalxa bilərik”.
Nəbiyev legionerlərin komandaya uyğunlaşdığını və "Turan Tovuz”u bu mövsümün sonunda hansı pillədə gördüyünü bildirib:
"Əvvələ baxanda indi bir-birimizi daha yaxşı başa düşürük. Getdikcə də hamı bir-birini tam başa düşəcək və komandaya xeyir verəcək. Çalışırıq ki, mövsümü mümkün qədər yuxarı pillələrdə bitirək. "Qarabağ”dan başqa bütün komandalar, demək olar, eyni səviyyədədir. Çempionat elə gedir ki, hər komanda bir-birindən xal alır. Gözləmədiyimiz nəticələr görürük. İndidən proqnoz vermək düzgün deyil, amma nə qədər yüksək pillələrə qalxsaq, yaxşıdır”.
Maraqlıdır, Nəbiyev bu mövsüm kubokda, yoxsa Premyer Liqada daha çox irəli gedəcəklərini düşünür?
"Qarşıda kubok oyunu var, çox ciddi hazırlaşırıq. İkisində də mümkün qədər irəli getməyə çalışırıq. Hazırlıqalrımız yaxşıdır. Əlbəttə, qələbə hər komandada motivasiyanı dəyişir. Fikrimcə, taktiki baxımdan kim daha yaxşı və ağıllı oynayacaqsa, o da qələbə qazanacaq”.
Nəbiyev yenidən xaricə üz tutmağı düşünür və qış fasiləsində təklif gözləyirmi?
"Hazırda bütün fikrim "Turan Tovuz”dadır. Klubla yaya qədər müqaviləm var. Hələ ki xaricə getmək haqda menecerimlə danışmamışıq. Belə bir təklif yoxdur. "Turan Tovuz”da çox xoşbəxtəm, şərait, hər şey yüksək səviyyədədir. Demək olar, heç bir rəqibdən geri qalmırıq. Yaya qədər nə olacağını bilmirəm”.

