«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev bir neçə gündür medianın və futbol ictimaiyyətinin diqqətini öz üzərinə çəkib.
Bu ilin əvvəlində doğma rayonunun klubunu himayəsinə götürən, aradan keçən aylar ərzində həm «Turan», həm də Tovuzun futbol infrastrukturu üçün mühüm işlər görən şirkət sahibi AFFA-dan kömək istəməsiylə gündəmə oturub.
Onun federasiyadan tək xahişi stadionla, daha doğrusu, stadionun örtüyü ilə bağlıdır. İş adamı süni qazonu təbii otla əvəzləmək üçün AFFA-nın köməyinə ehtiyac duyduqlarını bildirib.
Deyib ki, xərcin yarısını siz qoyun, yarısını da mən, problem aradan qalxsın, futbolçuların canına qıymayaq.
AFFA bu çağırışı eşidib və eşitdiyi kimi də qulaqardına vurub. Federasiya rəhbərliyi süni qazon əngəlinin həllinə maraqsız və həvəssiz kimi görünür.
Bu minvalla ona yaxın gələnə də oxşamırlar.
Ehtiram Quliyev düz eləmir. İşi bu şəkildə görmürlər və həll eləmirlər. AFFA-dan «okey» almağın bir yolu var və yəqin ki, bunu tovuzlu biznesmenə deyən, izah edən olmayıb.
O, neyləməlidir? Çox sadə. Deməli, getməlidir AFFA-ya, orada əyləşən bəyləri özünə inandırmalıdır, boyun olmalıdır ki, stadiona nə vəsait yatırsaz, buradan sizə də qazanc çatacaq.
Anlatmalıdır ki, a kişilər, sənədlərə 13 manat yazın, 3 manat xərcləyin, qalan pul da özünüzə qalsın, nə dil dinəcək, nə dodaq.
O, «bir daş altda, bir daş üstdə» söhbətinə eyham vurmur ki, AFFA başbilənləri də hərəkətə gəlsin.
Xahiş edirəm, dostları Ehtiram Quliyevə bu yaxşılığı eləsin, göstərdiyim çıxış yolunu ona söyləsin. Bilsin ki, ortada «otkad» razılaşması olmasa, AFFA əlini ağdan-qaraya vurmayacaq.
Bunlar uzun illərdir belə «çalışmağa» öyrəşiblər. Elxan Məmmədov illər öncə bu «ənənə»ni dəb salıb.
Odey, Tovuzda tikilən baza və akademiya! Orda 4-5 milyon manatlıq yenidənqurma aparıblar ki?
Ümumi xərc 1 milyon manatı keçər, ya keçməz. Ancaq verilən rəsmi açıqlamaya baxırsan, adamın gözü kəlləsinə çıxır.
Futbolda yeni olan Ehiram Quliyev qəbul etməlidir ki, AFFA ilə danışıqlar masası arxasına əyləşib oradan arzuladığı cavabla ayrılması üçün «dədə-baba yolu»na baş vurması mütləqdir.
ELNUR

