"Azərbaycanda heç beləsi yoxdur"

13 Dekabr 2023 03:30 Turan 789
"Azərbaycanda heç beləsi yoxdur"

"Turan Tovuz”un futbol akademiyasının koordinatoru Rasim Əliyev bu yaxınlarda yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq üçün Tiflis "Dinamo"sunun bazasına yollanmışdı.

Köməkçiləri ilə birlikdə qonşu ölkənin ən tanınmış, köklü klublarından birinin bazasına gedən mütəxəssis orada Futbol Akademiyasının direktoru Giorgi İvanişvili və digər rəsmiləri, həmçinin məşqçiləri ilə görüşlər keçirib, şərait, yeniliklər, məşq metodları, seleksiya qaydaları və digər məsələlər haqda geniş fikir mübadiləsi aparıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis qaynarinfo-ya açıqlamasında səfər təəssüratlarını bölüşüb.

O, Gürcüstan və Azərbaycanda uşaq futbolunun fərqi, inkişafda geri qalmağımızın səbəblərindən də danışıb:

"Super akademiyaları, hər cür şəraitləri var. Projektorlarla təmin olunan dörd meydançaları mövcuddur. Məşqləri böyük meydançalarda keçirlər. Üçmərtəbəli binaları, hər bir texnologiyaları, analiz, məşqçi otaqları var. Seleksiyaçıların otaqları ayrıdır. Uşaq sayı ümumiyyətlə çoxdur. 14 yaşa qədər olan iki əsas, üç əlavə komandaları fəaliyyət göstərir. İzlədiyimiz məşq proseslərinin bizimkilərdən demək olar fərqi yoxdur. Aylıq, illik, həftəlik proqramlarına baxdım. Bizimkilərlə eyni proqram üzrə məşq keçirlər. Daha çox individual məşqlərə üstünlük verirlər. Ölkə xaricinə tez-tez çıxırlar. Bütün komandaları xarici turnirlərdə iştirak edir. Bu cəhətdən üstünlükləri var idi. Akademiya sırf uşaq futboluna aiddir. 10 yaşdan 17-yə qədər olan komandalar üçündür. Əvəzedicilərin və əsas komandanın bazası ayrıdır".

Əliyev "Dinamo”nun bazası və şəraitinin Azərbaycanda hər hansı klubla müqayisə edilməyəcək dərəcədə üstün olduğunu deyib:

"Onlarda olan şərait Azərbaycanda yoxdur. Baza baxımından deyirəm. Düzdür, Azərbaycanda "Qəbələ”nin də bazası və şəraiti var. Amma "Dinamo”da tam başqa cürdür. Üç böyük, bir kiçik meydançası var. Özü də kənarlarında tribunalar tikilib. Halbuki Azərbaycanda belə meydançaların kənarlarında məftil şəbəkə olur. Onlarda isə uşaqlar kənarlara dəyəndə əzilməməsi üçün döşəyə bənzər yumşaq qoruyucular yerləşdirilib. Şərait baxımından üstünlüklər var. Məşqlər baxımından isə deməzdim üstündürlər. Hətta bəlkə də bizdə onlardan daha keyfiyyətlidir”.

Maraqlıdır, belə olan halda niyə Azərbaycan futbol baxımından gürcülərdən xeyli geridə qalır? Məşqçi bunun səbəblərini seleksiya işlərində gördüyünü bildirib:

"Deyərdim ki, slekesiya işləri ilə əlaqədardır. Onlarda Avropaya çox uşaq çıxır. Bizdə isə uşaq futbolundan demək olar heç kim kənara çıxmır. Müzakirələrdən belə başa düşdüm ki, hər ay turnirlərdə olurlar, uşaqları aparırlar. Təkcə "Dinamo”dan bu yaxınlarda Avropa klubların 4-5 nəfər 17-18 yaşlı uşaqlar göndərilib. Ümumiyyətə komandaların sayından görünürdü ki, kütləvilik çoxdur. Bir yaş qrupunun dörd komandası varsa, görün bu nə deməkdir. Ancaq azərbaycanlı məşqçilərin savadı onlarınkından daha üstündür ki, zəif deyil. İnşallah bunun nəticəsini görərik".

Akademiya koordinatoru büdcə məsələsi ilə bağlı sualı belə cavablandırıb:

"Maliyyə baxımından, açığı nəsə soruşmadım. Amma şəraitləri yaxşıdır. Böyük bazaları var, hansı ki, Azərbaycanda heç beləsi yoxdur. O dörd meydançanın hamısının projektorları var, saxlamaq asan deyil. Hər halda maliyyə olmasa, bunlar da olmaz".

Mütəxəssis azərbaycanlı uşaqların kənara çıxa bilməməsinin səbəblərini belə izah edib:

"Menecer problemi ola bilər. Amma müzakirələrimiz zamanı mənə dedilər ki, Avropa Klublar Assosasiyası ilə əməkdaşlıq edirlər. Uşaqlar arasında keçirilən turnirləri, məsələn, salırlar Gürcüstana. "Mançester Yunayted” kimi top klublara da dəvət göndərirlər, kim istəyirsə gəlir. Tez-tez turnirlərdə olurlar. Uşaqlar üzə çıxır. Yəqin ki, üzv olsaq, bizi də tez-tez seminarlara dəvət edərlər. Üstün cəhətləri odur ki, tez-tez kənara çıxa bilirlər. Bundan başqa, məsələn Badri Kvaratsxeliyanın oğlu gəlib akademiyada azyaşlı uşaqlarla görüşür. Bu da onlar üçün bir motivasiyadır. İnşallah bizdə də belə olar. Tovuzda əsas komandanın futbolçuları tez-tez akademiyanın uşaqları ilə görüşür. Bu baxımdan biz də müəyyən işlər görürük”.

Məşqçi "Dinamo”nun bazasına yollanma məqsədlərini də açıqlayıb:

"Əməkdaşlıq edəcəyik. Komandalarımız yoldaşlıq görüşləri keçirəcək. Turnir təşkil etsək, biz onları, onlar da öz yarışlarına bizi dəvət edəcək. Aşağı yaş qrupları üzrə komandalarımız arasında yoldaşlıq matçı keçirilə bilər. Əsas komandalar arasında niyə də olmasın?”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti