“Çempionatda “Qarabağ”ı çıxmaq şərti ilə digərləri eyni sıralarda yer alan komandalardır.
Təsəvvür edin, 8-ci pillədəki “Turan Tovuz” üst pillələrdəki komandalar arasında 4-5 xal fərq var”.
Mövsümə uğurlu start verən “Turan Tovuz”un kapitanı Kamal Bayramov Sportinfo.az-a açıqlamasında şərəfini qoruduğu komandanın ilk “5-lik”dəki rəqiblərdən uzaq düşməsi ilə bağlı danışıb.
Çempionatın startında ilk 5 oyunda 3 qələbə qazanaraq gələcəyə ümid işığı yandıran tovuzlular növbəti turlarda qeyri-sabit nəticələrlə yadda qaldı.
Ayxan Abbasovun çalışdırdığı kollektiv sonuncu dəfə oktyabrın 28-də “Kəpəz”i 4:0 hesabı ilə məğlub edəndən sonra 5 oyundur qalibiyyətin nə olduğunu bilmir.
Qərb təmsilçisi 5 matçda uduzub, “Sumqayıt”dan 1 xal almağa nail olub.
Bayramov güclü rəqiblərdən büdcədə xeyli geri qaldırlarını, lakin oyun planında bərabər səviyyəli futbol sərgilədiklərini bildirib:
“2-3 qələbə ilə vəziyyəti yaxşılaşdırıb, “5-liy”ə düşmək mümkündür. Oyun planında komandalar bir-birinə yaxındır, amma büdcə baxımından onlardan aşağıdayıq.
Bizik, “Kəpəz”dir. Turnir cədvəlində sıxlığın olması o demək deyil ki, büdcələr də eynidir.
Çempionatdakı hansısa klub futbolçusuna 400 min verəndə, “Turan Tovuz” 40-50 min təklif edir. Amma biz meydana çıxıb həmin rəqiblərlə başabaş, hətta üstün futbol oynayırıq.
Başqaları ilə demirəm, təkcə “Neftçi”ylə aramızdakı büdcə fərqinə baxın. Azı 7-8 milyonluq fərq var. Amma meydana çıxıb onlara açıq futbol təklif edirik, topa daha çox sahib oluruq”.
“Turan Tovuz” 16 turdan sonra 16 xal toplamaqla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.
HƏBİB

